Elm və təhsil naziri: sertifikasiyadan sonra işdən çıxarılan müəllimlərin çoxu ibtidai sinif müəllimləridir
Foto: Press Service of the President of the Republic of Azerbaijan, CC BY 4.0, Wikimedia CommonsSertifikatlaşdırma imtahanlarının nəticələrinə görə işdən azad edilən müəllimlərin böyük hissəsi ibtidai sinif müəllimləridir. Bunu elm və təhsil naziri Emin Əmrullayev noyabrın 18-də Peşə Təhsili Forumunda keçirilən panel müzakirəsində deyib.
Nazir bildirib ki, bu sözlərin məqsədi ayrı-ayrı müəllimlərin nüfuzuna xələl gətirmək və ya onların peşə bacarıqlarını kiçiltmək deyil. Lakin onun sözlərinə görə, ibtidai təhsil səviyyəsində dərs deyən müəllimlərin böyük hissəsi orta ixtisas təhsillidir və bu vəziyyət ölkədə uzun müddət müəllim çatışmazlığı olduğu üçün yaranıb.
Əmrullayev deyib ki, artıq həm ibtidai, həm də məktəbəqədər təhsildə tədrisin ali təhsilli müəllimlər tərəfindən aparılmasına keçid təmin edilib. Nazir bu dəyişikliyin uzunmüddətli perspektivdə təhsilin keyfiyyətinə müsbət təsir göstərəcəyinə inandığını bildirib.
Eyni forumda nazir ibtidai təhsilin keyfiyyətinin yüksəldilməsini əsas prioritetlərdən biri adlandırıb və ixtisas seçiminin yalnız qəbul balına əsaslanmamalı olduğunu deyib; onun sözlərinə görə, bu seçimdə əmək bazarının tələbləri hər zaman nəzərə alınmır.
