Putinin NATO qoşunu olmamaq şərtilə Ukraynaya təhlükəsizlik zəmanətinə razı olduğu deyilir

Foto: Kremlin.ru, CC BY 4.0, Wikimedia Commons
22-11-2026 16:21

Rusiya Prezidenti Vladimir Putinin qeyri-rəsmi şəkildə müharibədən sonra Ukraynaya NATO-nun 5-ci maddəsinə bənzər təhlükəsizlik zəmanəti verilməsinə razı olduğu, amma bunun üçün Ukrayna ərazisində alyansın qoşunlarının yerləşdirilməməsini şərt qoyduğu deyilir.

“The Washington Post” qəzetinin şərhçisi David İqnatius danışıqlara yaxın mənbələrə istinadən yazır ki, ABŞ və Avropa rəsmiləri belə zəmanətin mexanizmlərini müzakirə edir. Variantlardan biri Rusiyaya qarşı sanksiyaların yumşaldılmasını, Moskva yeni hücuma hazırlaşarsa isə məhdudiyyətlərin avtomatik bərpasını nəzərdə tutur.

Qəzetin yazdığına görə, Moskva Ukraynada NATO bazalarına qarşı çıxdığı üçün ABŞ tərəfi atəşkəsdən sonra Rusiya qoşunlarının sərhəddən geri çəkilməsini təklif edib. Rusiya yenidən hücuma keçərsə, müzakirə olunan sxemə görə, alyans qüvvələri Ukraynaya hava yolu ilə təcili göndərilməlidir.

Əsas maneə Donbas məsələsi olaraq qalır: Putin bütün bölgəyə nəzarət tələb edir, Ukrayna Prezidenti Volodimir Zelenski isə Rusiya ordusunun ələ keçirə bilmədiyi əraziləri verməkdən imtina edir. İqnatiusun məlumatına görə, ABŞ-nin danışıqçısı Cared Kuşner Moskvaya Donbas müqabilində Ukraynanın NATO-ya tamhüquqlu üzvlüyünü təklif etmək imkanını öyrənir.

Zelenski qəzetə amerikalıların bu sualı ilk dəfə qaldırdığını təsdiqləyib: “Amerikalılar soruşdular: “Bəs Ukrayna NATO-ya daxil olsa? Ukrayna Donbasdan çıxacaqmı?” Bu sual ilk dəfə qaldırıldı”. Zelenski etibarlı təhlükəsizlik zəmanəti olarsa, razılaşmalar paketini referenduma çıxarmağa hazır olduğunu deyib. Kreml qəzetin yazdıqlarına hələlik münasibət bildirməyib.

Digər xəbərlər