Bakıda Bülbülə gölü daşıb: Bakıxanov qəsəbəsində həyətləri və zirzəmiləri su basıb

Foto: Interfase, CC BY-SA 4.0, Wikimedia Commons
22-11-2026 17:01

Bakının Sabunçu rayonunun Bakıxanov qəsəbəsindən Suraxanı rayonundakı eyniadlı qəsəbəyə qədər uzanan Bülbülə gölündə suyun səviyyəsi qalxıb. Mikayıl Müşfiq küçəsinə çıxan hissədə yaşayış binalarının həyətlərini və məhəllədaxili yolları su basıb, çoxlu zirzəmiyə su dolub.

“Haqqin.az” saytının yerində hazırladığı reportaja görə, su son iki gündə nasoslarla çəkilsə də, həyətlər hələ qurumayıb, suyu çəkilən yollarda isə qalın palçıq qatı qalıb. Suyu evlərinə dolan bəzi ailələr evlərini bağlayıb müvəqqəti kirayə mənzillərə köçüb.

Sakinlərin sözlərinə görə, son illərdə gölün səviyyəsi demək olar ki, dəyişməyib. Bu il isə güclü yağışlardan sonra su xeyli artıb və bir neçə gün əvvəl insanların gündəlik istifadə etdiyi yola çatıb.

Daşqın başqa problemi də üzə çıxarıb: illərlə gölə və onun ətrafına atılan tullantılar su ilə birlikdə məhəlləyə yayılıb. Reportajda deyilir ki, Mikayıl Müşfiq küçəsi boyunca zibil qutusu demək olar ki, yoxdur, sakinlərin qutu qoyulması ilə bağlı müraciətləri isə cavabsız qalır.

Səlahiyyətli qurumlar daşqınla bağlı hələlik açıqlama verməyib. Bakıda yağışlı havanın növbəti günlərdə də davam edəcəyi proqnozlaşdırılır.

Digər xəbərlər