İranda yük maşını sürücüləri bahalığa etiraz edərək tətilə başlayıb

Foto: Sonia Sevilla, CC0, Wikimedia Commons
22-11-2026 16:47

İranın bir neçə şəhərində yük maşını sürücüləri artan xərclər və ağırlaşan iqtisadi vəziyyətə etiraz olaraq noyabrın 22-dən işi dayandırıb.

Ölkə üzrə Yük Maşını Sürücüləri və Daşıma Birlikləri İttifaqı noyabrın 21-də ümummilli tətili tam dəstəklədiyini açıqlayıb və sürücüləri bazar günündən işi dayandırmağa çağırıb. İttifaqın “Telegram” kanalı Sistan və Bəlucistan əyalətindəki Çabahar, Xuzistandakı Dezful və digər şəhərlərdə tətil olduğunu yazıb. Londonda yerləşən “Iran International” telekanalı isə Şirazda sürücülərin işi dayandırdığını göstərən video yayıb.

İttifaqın bəyanatına görə, yanacaq, sığorta, yol haqqı və təmir xərcləri artsa da, yük daşıma tarifləri dəyişməyib. Sürücülərdən biri 40 litr mühərrik yağı ilə beş filtrin indi 620 milyon rial, yəni sərbəst bazar məzənnəsi ilə təxminən 230 dollar olduğunu yazıb. İranda 2026-cı il üçün minimum aylıq əməkhaqqı təxminən 166 milyon rialdır (62 dollar).

Bəzi sürücülər tətilin təsirinin bir-iki gündə görünməyəcəyini, uzandıqca bazarların, limanların və fabriklərin dayanacağını deyib. İran hakimiyyəti tətillə bağlı hələlik açıqlama verməyib.

Tətil İranda elektrik kəsintilərinin yenidən başladığı və bir sıra şəhərlərdə yanacaqdoldurma məntəqələrində uzun növbələr yarandığı bir vaxta düşür. Ölkə ABŞ-nin dəniz blokadası və sanksiyaları altındadır.

Digər xəbərlər