Körfəz ölkələrindən Azərbaycana gələnlərin sayı üçdə bir, İrana gedənlərinki isə təxminən yarıbayarı azalıb

Foto: Xoqoni Said, CC0, Wikimedia Commons
24-11-2026 14:02

Dövlət Statistika Komitəsinin noyabrın 24-də açıqladığı məlumata görə, 2026-cı ilin ilk on ayında Körfəz ölkələrindən Azərbaycana gələnlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 31,5 faiz azalaraq 241,6 min nəfərə enib. Azərbaycan vətəndaşlarının İrana səfərləri isə 47,9 faiz azalıb.

Ümumilikdə yanvar-oktyabrda ölkəyə 195 ölkədən 2 milyon 80,8 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Gələnlərin 26,6 faizi Rusiya, 19,4 faizi Türkiyə, 7,6 faizi İran, 4,9 faizi Gürcüstan vətəndaşlarıdır. Avropa İttifaqı ölkələrindən gələnlər isə 9,9 faiz artaraq 111,5 min nəfərə, MDB ölkələrindən gələnlər 5,5 faiz artaraq 781,4 min nəfərə çatıb.

Eyni dövrdə xaricə gedən Azərbaycan vətəndaşlarının sayı 1,9 faiz azalaraq 1 milyon 740,4 min nəfər olub.

Körfəzdən turist axınının azalmasını ekspertlər Yaxın Şərqdəki gərginliklə, həm də Azərbaycanda turizm qiymətlərinin qonşu Gürcüstanla müqayisədə yüksək olması ilə izah edirlər. İrana səfərlərin azalması isə ötən ilin sonunda bu ölkədəki etirazların zorla yatırılması və bu il İranın İsrail və ABŞ ilə silahlı qarşıdurması ilə əlaqələndirilir.

Azərbaycanın quru sərhədləri 2020-ci ildə pandemiya ilə bağlı bağlanıb və hələ də açılmayıb. Rəsmilər bunu təhlükəsizliklə izah edir; müstəqil ekspertlər isə qadağanın davam etməsini hökumətin iqtisadi maraqları, o cümlədən ölkədən valyuta çıxışını məhdudlaşdırmaq istəyi ilə əlaqələndirirlər. Azərbaycan pasportu ilə adi qaydada vizasız gedilə bilən ölkələrin sayı İordaniya ilə yeni sazişdən sonra 18-ə çatsa da, onların arasında Avropa İttifaqının heç bir üzvü yoxdur.

Digər xəbərlər