Sosial sığorta yığımlarında büdcədən maliyyələşən təşkilatların payı 2027-ci ildə 32,5 faizə qalxacaq
Foto: CaucasianWitcher, CC0, Wikimedia CommonsDövlət Sosial Müdafiə Fondunun (DSMF) 2027-ci il büdcə layihəsinə görə, Fondun məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaları 7 milyard 586,5 milyon manat proqnozlaşdırılır. Bunun 2 milyard 467 milyon manatı, yəni 32,5 faizi büdcədən maliyyələşən təşkilatlardan gələcək; bu pay 2026-cı il üçün gözlənilən 30,5 faizdən yüksəkdir.
Gələn il sosial sığorta yığımları cari illə müqayisədə 671,25 milyon manat və ya 9,7 faiz artacaq. Artımın 53,3 faizi büdcə təşkilatlarının payına düşür: onlardan daxilolmalar 357,88 milyon manat (17 faiz), qeyri-büdcə sektorundan isə 313,37 milyon manat (6,5 faiz) artacaq. Qeyri-büdcə sektorundan ümumi daxilolma 5 milyard 120 milyon manat gözlənilir.
“Meydan TV” bu rəqəmləri təhlil edərək diqqət çəkir ki, hökumət hesabatlarında dövlət şirkətləri də qeyri-büdcə sektoruna aid edilir, çünki onların əməkhaqqı fondu birbaşa büdcədən ödənilmir. İqtisadçıların fikrincə, bu şirkətlər də nəzərə alınsa, sosial sığorta sistemində dövlət sektorunun payı rəsmi göstəricilərdən daha yüksək olur.
VÖEN ilə fəaliyyət göstərən fiziki şəxslərdən isə Fond gələn il cəmi 130 milyon manat sığorta haqqı toplamağı planlaşdırır. Bu, 19,7 faiz artım deməkdir, amma ümumi daxilolmalarda bu kateqoriyanın payı 1,7 faizdir. Hesablama Palatasının rəyinə görə, bu il iyulun 1-nə VÖEN əsasında xidmət haqqı alan şəxslərin sayı 778,92 min nəfər olub.
Hesablama Palatası bundan əvvəl ölkədə işləyənlərin yarıdan çoxunun sosial sığorta haqqı ödəmədiyini bildirmişdi.


