Ermənistan: “Tramp marşrutu”nun dəmir yolunun tikintisinə 2027-ci ildə başlanacaq

Meğri yaxınlığında Araz çayı. Vahe Martirosyan, CC BY 2.0, Wikimedia Commons
24-11-2026 23:18

Ermənistanın xarici işlər nazirinin müavini Vahan Kostanyan TRIPP (“Beynəlxalq Sülh və Firavanlıq üçün Tramp Marşrutu”) layihəsi çərçivəsində dəmir yolunun tikintisinə 2027-ci ildə başlanmasının planlaşdırıldığını bildirib.

Kostanyanın müsahibəsində dediyinə görə, bir gün əvvəl Ermənistanın Sünik vilayətindən yayılan görüntülərdə gələcək dəmir yolu xəttinin çəkiləcəyi ərazidə təmizlik işləri əks olunub. Nazir müavini hazırda layihə üçün hazırlıq işlərinin getdiyini deyib.

TRIPP Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək nəqliyyat xəttinin Ermənistan ərazisindən, Araz çayı boyunca keçən hissəsini əhatə edir. Layihə ABŞ-nin vasitəçiliyi ilə 2025-ci ilin avqustunda Vaşinqtonda razılaşdırılmışdı.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov da eyni gün Bakının TRIPP barədə mütəmadi məlumatlandırıldığını və layihənin qısa müddətdə başa çatmasını istədiyini deyib. Bayramovun sözlərinə görə, Azərbaycan Naxçıvanda dəmir yolu infrastrukturunu yeniləyir.

Digər xəbərlər