Azərbaycan XİN başçısı “Tramp marşrutu”nun tez reallaşmasını istədiklərini deyir, Gürcüstanla ticarətin 1 milyard dolları keçəcəyini bildirir

Arxiv foto: Voice of America, Public domain, Wikimedia Commons
24-11-2026 20:00

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ermənistan ərazisindən keçəcək “Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu” (TRIPP) layihəsinin mümkün qədər tez həyata keçirilməsində maraqlı olduqlarını bildirib. O, bu barədə Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ilə Bakıda keçirdiyi birgə mətbuat konfransında danışıb.

Bayramovun sözlərinə görə, layihə ötən il Vaşinqtonda keçirilən sammitdə razılaşdırılıb və Ermənistan ərazisində 42 kilometrlik nəqliyyat-kommunikasiya dəhlizini nəzərdə tutur. Nazir deyib ki, bir ildən artıq müddətdə ABŞ ilə Ermənistan layihənin hazırlanması, şirkətin yaradılması və orada payların bölüşdürülməsi barədə danışıqlar aparıb, Bakı isə bu prosesdən mütəmadi xəbərdar edilib. Bayramov bunu dəhlizin giriş və çıxışının Azərbaycan sərhədində olması ilə izah edib.

Nazir layihənin Azərbaycan üçün iki səbəbdən vacib olduğunu deyib: ölkənin əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz əlaqə və Orta Dəhliz, eləcə də “Şərq-Qərb” beynəlxalq nəqliyyat dəhlizi üçün yeni istiqamət.

Mətbuat konfransında Bayramov Gürcüstanla ticarət haqqında da danışıb. Onun sözlərinə görə, iki ölkə arasında ticarət dövriyyəsi 2026-cı ilin doqquz ayında 900 milyon dollara çatıb və ötən ilin bütün göstəricisini (881 milyon dollar) keçib; il sonunda isə 1 milyard dolları ötəcək. Nazir Azərbaycanın Gürcüstan iqtisadiyyatına ümumi sərmayəsinin 4 milyard dollar olduğunu, bunun 2,1 milyard dollarının SOCAR-ın payına düşdüyünü deyib. Gürcüstanın Azərbaycana sərmayəsi isə 460 milyon dollar təşkil edir.

Ermənistan tərəfi Bayramovun bu açıqlamalarına hələlik münasibət bildirməyib.

Digər xəbərlər