AXCP: Əli Kərimlinin məhkəməsi qapalı keçirilib, partiya sədri belə davam edərsə iclaslara getmək istəmədiyini deyib
Arxiv foto: Əli Kərimli, 2022. VOA, Public domain, Wikimedia CommonsAXCP üzvlərinin yaydığı məlumata görə, noyabrın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində partiya sədri Əli Kərimli və Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin məhkəməsinin ilk iclası qapalı keçirilib. Partiya fəalları deyir ki, jurnalistlər, dəstəyə gələnlər və AXCP üzvləri binaya buraxılmayıb.
Partiyanın məlumatına görə, müttəhimlərin işə xitam verilməsi və həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatətləri təmin olunmayıb. Kərimlinin vəkillərinin yanında oturmaq xahişi də rədd edilib. Kərimli ittihamın əsassız olduğunu deyib, prosesin qapalı keçirilməsinə etiraz edib və iclaslar bu qaydada davam edərsə, onlarda iştirak etmək istəmədiyini bildirib.
Milli Şuranın sədri Cəmil Həsənli sosial şəbəkədə yazıb ki, məhkəmə başlamazdan əvvəl binanın ətrafına polis yerləşdirilib. “Halbuki məhkəmənin qapalı olub-olmamasına saat 10:00-da başlayan iclasda məhkəmə heyəti qərar verməli idi. Hakimlərin qərarı və proses başlamazdan əvvəl polisin məhkəmənin qapalı olduğunu bildirməsi göstərir ki, bu qərar yuxarıdan verilib”, - Həsənli yazıb.
Kərimli və İbrahim 2025-ci ilin noyabrında həbs olunublar. Əvvəlcə Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevlə bağlı cinayət işi çərçivəsində saxlanıldıqları bildirilsə də, sonradan işlər ayrılıb.
Hər ikisinə Cinayət Məcəlləsinin 278.1-ci maddəsi ilə, hakimiyyəti zorla ələ keçirməyə və ya konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlərdə yekun ittiham verilib. Bu maddə 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə nəzərdə tutur.


