Son dəqiqə:

Türkiyənin sabiq kontr-admiralı: Azərbaycanla qardaşlıq pozulsa, Türk Dövlətləri Təşkilatı çökər

Arxiv foto: Cihat Yaycı. Müşerref Yaycı, CC BY-SA 4.0, Wikimedia Commons
03-11-2026 16:30

Türkiyə Hərbi Dəniz Qüvvələrinin keçmiş qərargah rəisi, təqaüddə olan kontr-admiral Cihat Yaycı ölkəsinin mediasına müsahibəsində deyib ki, Azərbaycanla qardaşlığın pozulması Türk Dövlətləri Təşkilatının çökməsi və Şimali Kipr Türk Respublikasına dəstəyin tamamilə yox olması deməkdir.

Yaycı oktyabrın sonunda Ankarada keçirilən sammitdə Macarıstandan nümayəndənin iştirak etməməsinə diqqət çəkib və bunun Azərbaycanla Türkiyə arasındakı gərginliklə bağlı olduğunu iddia edib. Onun sözlərinə görə, Türkiyənin Türküstanda nüfuzu yox ola, Orta Asiya birliyi qurula, Türkiyə isə oradan kənarda qala bilər.

“Şimali Kipri tək dəstəkləyən, Bakı qalasına Şimali Kipr bayrağı asıb, bir həftə boyunca Şimali Kipr mədəniyyət həftəsi təşkil edən Azərbaycanı biz unudacayıq?”, - hərbi ekspert deyib.

Yaycı Fələstin lideri Mahmud Abbasın oktyabrın 29-da Türkiyə Respublikasının 103-cü ildönümündə Kipr Respublikasına səfərini də tənqid edib. Onun “Cənubi Kipr” adlandırdığı bu ölkəni İsrailin ən böyük dəstəkçisi sayan keçmiş admiral soruşub: “Türkiyənin işğalçı olduğu fikrini birbaşa və ya dolayı yolla deyənlərə niyə reaksiya vermirsiniz, amma Azərbaycana qarşı tənqidi mövqe sərgiləyirsiniz?”.

Digər xəbərlər