Azərbaycanda bank kartları ilə fırıldaqçılığın məbləği üç ayda 52 faiz artıb

Foto: Yuri Samoilov, CC BY 2.0, Wikimedia Commons
23-11-2026 16:01

Azərbaycanda bank kartları ilə edilən fırıldaqçılıq əməliyyatlarının həm sayı, həm də məbləği bu ilin üçüncü rübündə kəskin artıb. Mərkəzi Bankın banklardan topladığı məlumatlara görə, iyul-sentyabr aylarında ölkədaxili ödəniş şəbəkəsində fırıldaqçılıq əməliyyatlarının məbləği 1 milyon 635 min manata çatıb. Aprel-iyunda bu rəqəm 1 milyon 75 min manat idi, yəni artım 52 faiz olub.

Ölkəxarici şəbəkə üzrə fırıldaqçılığın məbləği də 30 faiz artaraq 376 min manatı ötüb. Beləliklə, üç ayda hər iki istiqamət üzrə ümumi məbləğ 2 milyon 12 min manata yaxınlaşıb.

Əməliyyatların sayı da çoxalıb: ölkədaxili şəbəkədə 7222 fırıldaqçılıq halı qeydə alınıb, bu, əvvəlki rübdən 36 faiz çoxdur. Ölkəxarici şəbəkədə isə halların sayı 68 faiz artaraq 6097-yə yüksəlib. Ümumilikdə üç ayda 13 min 319 belə əməliyyat qeydə alınıb.

Statistika fırıldaqçılığın demək olar ki, tamamilə rəqəmsal kanallara keçdiyini göstərir. Ölkədaxili halların 97,7 faizi, ölkəxarici halların isə 97,9 faizi elektron ticarət və mobil tətbiqlər vasitəsilə baş verib. Bankomat və POS-terminalların payı 2-3 faiz civarında qalıb. Ölkədaxili halların 21,8 faizi bank hesablarının ələ keçirilməsi ilə bağlı olub.

Mərkəzi Bank bu cür halların əksəriyyətinin kart sahiblərinin şəxsi və bank məlumatlarını dələduzlara özlərinin verməsi nəticəsində baş verdiyini bildirir. Bank vətəndaşlara kart məlumatlarını, birdəfəlik təsdiq kodlarını və bank tətbiqlərinin şifrələrini heç kimlə paylaşmamağı tövsiyə edir.

Digər xəbərlər