Asiya İnkişaf Bankı Xəzər suyunun duzsuzlaşdırılması üçün Azərbaycana 140 milyon dollar ayırır
Foto: Calistemon, CC BY-SA 4.0, Wikimedia CommonsAsiya İnkişaf Bankı (AİB) Azərbaycanda Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsi üçün 140 milyon dollar ayrılmasını təsdiqləyib. Bankın məlumatına görə, bu, ölkədə dəniz suyunun duzsuzlaşdırılması üzrə ilk irimiqyaslı layihə və dövlət-özəl tərəfdaşlığı əsasında həyata keçirilən ilk layihədir.
Layihə əks osmos üsulu ilə işləyən qurğunun layihələndirilməsini, tikintisini, maliyyələşdirilməsini, istismarını və texniki xidmətini əhatə edir. Qurğunun gücü sutkada 300 min kubmetr olacaq, tələbatın pik dövründə isə 330 min kubmetrə qədər artırıla biləcək.
Layihə 25 illik dövlət-özəl tərəfdaşlığı sazişi ilə icra ediləcək. Hasil olunan su yalnız iri şəhərlərin su təchizatına cavabdeh olan dövlət şirkətinə - Böyük Şəhərlərin Su Təchizatı Xidmətinə veriləcək.
AİB layihənin bankın 2025-2029-cu illər üçün Azərbaycanla tərəfdaşlıq strategiyasına, xüsusilə dayanıqlı infrastrukturun yaradılması məqsədinə uyğun olduğunu bildirir. Xəzərin səviyyəsinin enməsi fonunda Bakı və Abşeronun içməli su təchizatı son illərdə tez-tez gündəmə gəlir.


