Rusiya XİN: “Tramp marşrutu” Rusiya və İranın maraqlarını nəzərə almasa, uğursuz olacaq
Mariya Zaxarova. Arxiv foto: The Russian Presidential Press and Information Office, CC BY 4.0, Wikimedia CommonsRusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ermənistan ərazisindən keçməklə Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək “Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu” (TRIPP) layihəsinin Rusiyanın maraqlarını gözardı etməməli olduğunu bildirib.
Zaxarova noyabrın 26-da brifinqdə deyib ki, Moskva layihənin gedişatını izləyir və “Tramp yolu” əvvəlki illərdə Rusiya, Azərbaycan və Ermənistan baş nazir müavinlərinin həmsədrlik etdiyi üçtərəfli işçi qrupunun hazırladıqlarını “böyük ölçüdə təkrarlayır”. Onun sözlərinə görə, həmin plan yalnız Azərbaycanla Naxçıvan arasında tranziti deyil, Ermənistan dəmir yolunun Türkiyə, İran və Rusiyaya çıxışla tam açılmasını da nəzərdə tuturdu, lakin Ermənistan 2023-cü ildə bu işdə iştirakını dondurub.
“Layihə həyata keçirilərkən ölkəmizin və İranın maraqlarının nəzərə alınmasını prinsipial hesab edirik. Bu layihə regionda yeni ayırıcı xətlər yaratmamalıdır. Əks halda bu nəqliyyat-logistika təşəbbüsü sadəcə uğursuzluğa məhkum olacaq”, - deyə Zaxarova bildirib.
TRIPP barədə razılıq 2025-ci il avqustun 8-də Vaşinqtonda Tramp, İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşündə əldə olunub. Ermənistan hökuməti bu həftə marşrutu ABŞ tərəfi ilə birgə tikəcək “TRIPP Development Company” şirkətinin yaradılmasına dair saziş layihəsini təsdiqləyib; Sünikdən keçəcək dəmir yolunun tikintisinə 2027-ci ildə başlanması planlaşdırılır.

