“Dünya TV” “Reklam haqqında” qanunu pozduğuna görə cərimələnib

Foto: Chintunglee, CC BY-SA 4.0, Wikimedia Commons
26-11-2026 20:25

Sumqayıt Şəhər Məhkəməsi “Dünya TV” telekanalını “Reklam haqqında” qanunun pozulmasına görə cərimələyib. İş Media və Yayım Şurasının telekanal barəsində tərtib etdiyi inzibati xəta protokolu əsasında məhkəməyə göndərilib.

Şuranın qanunun hansı maddəsinin və hansı yayım materialında pozulduğunu iddia etdiyi bildirilməyib. Telekanalın qərarla bağlı mövqeyi hələlik məlum deyil.

“Dünya TV”yə qarşı bundan əvvəl də qanunvericiliyin pozulması ilə bağlı sanksiyalar tətbiq olunub, telekanalın yayımı müvəqqəti dayandırılıb.

Media və Yayım Şurası 2022-ci ildə qəbul edilən “Media haqqında” qanunla yaradılıb və televiziya-radio yayımına nəzarət edir. Yerli və beynəlxalq media təşkilatları bu qanunun Azərbaycanda söz azadlığını məhdudlaşdırdığını dəfələrlə tənqid ediblər.

Digər xəbərlər