Antalyadakı iqlim konfransında həbsdəki jurnalist Nərgiz Absalamovanın fotosu qaldırılıb

Arxiv foto: Voice of America, Public domain, Wikimedia Commons
26-11-2026 18:30

Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişikliyi Konfransında (COP31) fəallar “Abzas Media”nın həbsdə olan jurnalisti Nərgiz Absalamovanın fotosunu qaldırıblar.

Aksiyanı keçirən “The Artivist Network” fəal şəbəkəsi yaydığı bəyanatda yazıb ki, vətəndaş cəmiyyətinə qarşı təzyiqlər ətraf mühitin müdafiəsinə də zərbə vurur. Bəyanatda deyilir ki, insanlar təhlükəsiz şəkildə fikir bildirə, təşkilatlana və hakimiyyətdən hesabat tələb edə bilmədikdə icmalar onların həyatına təsir edən qərarlardan kənarda qalır, təbiətə vurulan zərər isə etirazsız qalır. Şəbəkə müraciətini “Müdafiəçiləri müdafiə edin!” çağırışı ilə bitirib.

Nərgiz Absalamova 2025-ci il iyunun 20-də “Abzas Media” işi üzrə 8 il müddətinə azadlıqdan məhrum edilib. Prokurorluq ona və işin digər təqsirləndirilənlərinə qaçaqmalçılıq və bir sıra maliyyə cinayətləri ittihamı irəli sürüb.

Jurnalistlər ittihamları qəbul etmir və həbslərinin peşə fəaliyyətlərinə görə siyasi sifariş olduğunu deyirlər.

Absalamovanın fotosu ötən il Braziliyada keçirilən COP30 konfransında da qaldırılmışdı. Azərbaycan 2024-cü ildə COP29-a ev sahibliyi edib.

Digər xəbərlər