Dövlət Sərhəd Xidməti atların yemi üçün bu il ikinci dəfə tender elan edib
Yonca otu bağlamaları, illüstrativ foto. Foto: Gary D Robson, CC BY-SA 3.0, Wikimedia CommonsDövlət Sərhəd Xidməti (DSX) xidməti atların yemlə təmin edilməsi üçün 1 milyon 30 min 230 manat ehtimal olunan qiymətlə yeni tender elan edib. Dövlət satınalmalarının elektron portalındakı elana görə, noyabrın 25-də açılan tenderdə 530 ton arpa, 150 ton vələmir və 700 ton yonca otu, cəmi 1380 ton yem alınması nəzərdə tutulur.
Təkliflərin qəbulu 2027-ci il yanvarın 11-də başa çatacaq. Tenderin qalibi və müqavilənin yekun məbləği hələ məlum deyil.
Bu, qurumun 2026-cı ildə at yemi üçün ikinci satınalmasıdır. Portaldakı nəticələrə görə, aprelin 30-da yekunlaşan birinci satınalmanı 683 min 810 manat təkliflə “XEZRI TRADE” MMC udub. O zaman 400 ton arpa, 30 ton vələmir və 700 ton yonca otu, cəmi 1130 ton yem alınması planlaşdırılıb.
“Meydan TV” satınalmaları araşdırarkən diqqət çəkir ki, DSX-nin bütün hərbi hissələrində və atçılıq bölmələrində neçə at saxlanıldığı barədə açıq rəsmi məlumat yoxdur. Qurumun açıqlamalarında Novxanıdakı “Sərhədçi” Atçılıq Mərkəzinin süvari, çövkən, konkur və polo komandalarından danışılır, lakin atların ümumi sayı göstərilmir.
2023-cü ildə mərkəzin təlimatçısı Namiq Orucov mətbuata orada 50-dən çox Qarabağ və Dilbaz cinsli at, eləcə də əsasən alman cinsli xarici atlar saxlandığını demişdi. Onun sözlərinə görə, atlar əvvəlcə yarışlarda və süvari tədbirlərində istifadə olunur, sonra sərhədin mühafizəsinə göndərilir. Bu rəqəm yalnız bir mərkəzdəki yerli cins atlara aiddir.


