Küveytdə dron hücumu zamanı Almaniya silah şirkətinin iki italiyalı əməkdaşı ölüb
“Skynex” zenit sistemi, illüstrativ foto. Foto: Ukrayna Hərbi Hava Qüvvələrinin “Qərb” Hava Komandanlığı, CC BY 4.0, Wikimedia CommonsKüveytdə strateji infrastruktur obyektinə edilən dron hücumunun dəf edilməsi zamanı Almaniyanın “Rheinmetall” silah şirkətinin İtaliya vətəndaşı olan iki əməkdaşı ölüb.
İtaliyanın ANSA agentliyi Küveyt Müdafiə Nazirliyinin sözçüsünə istinadən yazır ki, italiyalılar vurulub yerə düşən dronların qəlpələrindən həlak olublar. Sözçünün açıqlamasında hücumun hansı obyektə yönəldiyi göstərilməyib.
Agentliyin məlumatına görə, ölənlər mart ayından Körfəz ölkələrini İranın mümkün cavab hücumlarından qorumaq və İtaliyanın enerji təchizatının təhlükəsizliyini təmin etmək üçün bölgəyə göndərilmiş hərbi və mülki heyətə daxil idilər. Küveytdə dronlara qarşı “Rheinmetall”ın “Skynex” zenit sistemi yerləşdirilib.
Hadisə ABŞ ilə İran arasında davam edən müharibə fonunda baş verib. Son həftələrdə Körfəz ölkələrinin ərazisinə dron və raket hücumları, Hörmüz boğazında isə tankerlərin minaya düşməsi barədə xəbərlər yayılıb.
Körfəzdəki gərginlik neft qiymətlərinə də təsir edir: Azərbaycan neftinin qiyməti bu həftə yenidən 100 dolları keçib.

