Rusiyada dron hücumlarının nəticələrini göstərən foto və videolara görə 5 ilədək həbs təklif olunur
Moskvada Dövlət Dumasının binası. Foto: Юрий Д.К., CC BY 4.0, Wikimedia CommonsRusiya Federasiya Şurasının bir qrup üzvü Dövlət Dumasına Rusiya ərazisindəki obyektlərə edilən dron və terror hücumlarının nəticələri barədə məlumatın “qanunsuz yayılmasına” görə cinayət məsuliyyəti nəzərdə tutan qanun layihəsi təqdim edib. Sənəd Dumanın bazasında dərc olunub.
Layihəyə görə, maddənin birinci hissəsi bu cür əmələ görə artıq inzibati cəza almış şəxslərə tətbiq ediləcək və üç ilədək azadlıqdan məhrumetməni nəzərdə tutur. İkinci hissə isə hər kəsə şamil olunur, lakin yalnız ağır nəticələr - ehtiyatsızlıqdan ölüm, sağlamlığa və ya əmlaka zərər, kütləvi ictimai asayiş pozuntusu - baş verdikdə. Bu halda cəza beş ilədək həbsdir.
İzahat qeydində layihənin “dövlətin müdafiə qabiliyyətini, əhalinin təhlükəsizliyini, strateji və hərbi obyektləri təhlükə altına qoya bilən” məlumatın qorunması üçün hazırlandığı yazılıb.
Rusiyanın regionları belə qadağaları artıq özləri tətbiq edir. Moskvada 2026-cı ilin mayından hücumların nəticələrini göstərən foto və videoların yayılması qadağandır və pozuntuya görə vətəndaşlar 3-5 min rubl, vəzifəli şəxslər 30-50 min rubl, hüquqi şəxslər 50-200 min rubl cərimə olunur. O vaxt bu qadağa 30-dan çox regionda qüvvədə idi.
Layihə Ukraynanın Rusiya ərazisindəki neft emalı zavodlarına və enerji obyektlərinə dron hücumlarının artdığı dövrdə təqdim olunub. Rusiya tərəfinin məlumatına görə, təkcə noyabrın 26-da Krasnodar vilayətindəki “Slavyansk-Eko” neft emalı zavodunda dron hücumundan sonra yanğın baş verib.


