Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti “Sülh körpüsü” çərçivəsində komitələr yaradır
Yerevan, Respublika meydanı, illüstrativ foto. Foto: Vyacheslav Argenberg, CC BY 4.0, Wikimedia CommonsAzərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin “Sülh körpüsü” platformasının Yerevandakı görüşündə ekologiya, iqtisadiyyat, infrastruktur, humanitar məsələlər və media üzrə tematik komitələrin yaradılması nəzərdə tutulub.
Təşəbbüsün Azərbaycan tərəfindən iştirakçısı, Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin İdarə Heyəti sədrinin müavini Fərhad Məmmədov jurnalistlərə deyib ki, bu raund əvvəlkilərdən ümumi müzakirələrlə yanaşı komitələrin də işləyəcəyi ilə fərqlənir. Onun sözlərinə görə, komitələr növbəti mərhələdə görüləcək işləri, dövlətlərə təqdim olunacaq təklifləri və fikir ayrılıqlarının aradan qaldırılması yollarını müzakirə edəcək.
“Artıq elə bir mərhələyə çatmışıq ki, qapalı mövzularımız yoxdur. Bir-birimizə suallar verə və cavablar ala bilirik”, - deyə Məmmədov bildirib. O əlavə edib ki, iştirakçılar Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyana iki saat ərzində suallar ünvanlayıblar.
Noyabrın 26-27-də keçirilən görüşün gündəliyinə 2025-ci il avqustun 8-də Vaşinqtonda razılaşdırılan sülh gündəliyi, iki cəmiyyət arasında etimad tədbirləri, ticarət və bağlantı marşrutları, gənclər və təhsil sahəsində əməkdaşlıq daxildir.
Platformanın sentyabrda Yerevanda keçirilməli olan görüşü Bakının təşəbbüsü ilə təxirə salınmışdı. Bunun səbəbi prezidentin köməkçisi Hikmət Hacıyevin Qarabağdakı iki monastırı “Qafqaz Albaniyası kilsələri” adlandırmasından sonra yaranan mübahisə idi.

