Azərbaycanın xarici ticarətində müsbət saldo 10 ayda 5 dəfədən çox artıb
Ələtdəki Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, illüstrativ foto. Foto: Press Service of the President of the Republic of Azerbaijan, CC BY 4.0, Wikimedia Commons2026-cı ilin yanvar-oktyabr aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 43,2 milyard dollar olub ki, bu da ötən ilin eyni dövründən 5,7 faiz çoxdur. Dövlət Gömrük Komitəsinin məlumatına görə, ixrac 27,9 milyard, idxal isə 15,3 milyard dollar təşkil edib.
Beləliklə, müsbət ticarət saldosu 12,65 milyard dollara çatıb. Bu, 2025-ci ilin ilk 10 ayındakı 2,41 milyard dollardan 5,2 dəfə çoxdur. Fərqin əsas səbəbi ixracın 29,1 faiz artması və idxalın 20,6 faiz azalmasıdır.
İxracın ən böyük hissəsi, 15,83 milyard dollar, Avropa İttifaqı ölkələrinə gedib. MDB ölkələrinə ixrac 1,68 milyard dollar olub. İdxalda isə Aİ-nin payı 2,44 milyard, MDB-nin payı 3 milyard dollardır. Neft-qaz məhsulları çıxılmaqla qeyri-neft ixracı 7,06 milyard dollar təşkil edib.
İdxalın azalması avtomobil bazarında da görünür. Gömrük statistikasına görə, 10 ayda ölkəyə 64 898 avtomobil gətirilib ki, bu da ötən ilin eyni dövründən 31,4 faiz azdır. Hibrid avtomobillərin idxalı kəskin düşüb, elektromobillərin sayı isə 1732-dən 706-ya enib.
Elektrik enerjisi ixracı da azalıb: yanvar-oktyabrda 358,6 milyon kilovat-saat elektrik ixrac olunub ki, bu da ötən ilin eyni dövründəkindən 68,2 faiz azdır. İxracın dəyəri 64,5 milyon dollardan 18,4 milyon dollara düşüb.

