Mətbuat Şurasında yanlış məlumat yayan medianın adlarını açıqlamaq təklif olunub
Azərbaycan Mətbuat Şurasının İdarə Heyəti informasiya məkanında dezinformasiya və manipulyasiya halları ilə bağlı toplantı keçirib və bəyanat qəbul edib. Şuranın məlumatına görə, toplantıda yanlış məlumat yayan media subyektlərinin adlarının açıqlanması və onların yaydığı məlumatların yanlışlığını göstərən platformanın yaradılması təklif olunub.
Şuranın sədri Vüqar Zifəroğlu son günlər informasiya mühitində qərəzli yanaşma hallarının müşahidə olunduğunu deyib. Şuranın İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Vüqar Rəhimzadə isə informasiya manipulyasiyasına qarşı ictimai qınaqla yanaşı hüquqi mexanizmlərin tətbiq olunmasını vacib sayıb.
Bəyanatda deyilir: “Xüsusilə, ayrı-ayrı tanınmış şəxslər, o cümlədən vəzifə səlahiyyətləri başa çatmış şəxslərlə bağlı yoxlanılmamış məlumatların, əsassız ittihamların və alçaldıcı ifadələrin yayılması yolverilməzdir”. Şura həmçinin faciəli hadisələrdən zərər çəkmiş uşaqların kimliyinin açıqlanmasını, vətəndaşların şəxsi və biometrik məlumatlarının yayılmasını və təqsirsizlik prezumpsiyasının pozulmasını tənqid edib.
Toplantıda dezinformasiyaya qarşı tədbirlərin söz və ifadə azadlığının məhdudlaşdırılması kimi qəbul edilməməsi üçün onların dəqiq əsaslandırılmasının vacib olduğu da səslənib. Şura bəyan edib ki, “jurnalistikanın nüfuzuna xələl gətirən” hallara münasibətdə “prinsipial mövqe” tutacaq.
Azərbaycanda son iki ildə “Abzas Media”, “Meydan TV” və “Toplum TV” əməkdaşları həbs olunub; hakimiyyət onları qaçaqmalçılıqda ittiham edir, jurnalistlər isə ittihamları rədd edir və həbslərin peşə fəaliyyəti ilə bağlı olduğunu deyirlər.

