Son dəqiqə:

Rusiya ilə müharibə bitəndən sonra Ukraynaya göndərilməsi planlaşdırılan Avropa qüvvəsi Polşada ilk təlimini keçirəcək

İllüstrativ foto: Polşada hərbi təlim. Foto: ABŞ ordusu, Spc. Justin Stafford, Public domain, Wikimedia Commons
03-11-2026 05:43

Britaniya və Fransa noyabrın 3-də birgə açıqlama yayaraq “Ukrayna üzrə Çoxmillətli Qüvvə”nin ilk təliminin Polşanın cənub-şərqində keçiriləcəyini bildirib. Fransa və Britaniyanın rəhbərlik etdiyi qüvvə 2025-ci ildə yaradılıb, qərargahı Parisdədir. Bu, NATO əməliyyatı deyil, ABŞ-nin iştirakı da azdır. Açıqlamaya görə, qüvvə yalnız atəşkəs razılaşdırıldıqdan sonra yerləşdiriləcək və hücum vəzifəsi daşımır.

Nova Demba şəhəri ətrafında keçiriləcək “Koalisiya” təliminə Belçika, Estoniya, Almaniya, Fransa, Litva, Niderland, Polşa, İspaniya, İsveç və Britaniya qoşulur. Ən böyük heyəti 1100 hərbçi ilə Fransa göndərir, Britaniya isə 300 əsgər verir. Türkiyə qurudakı təlimdə iştirak etməyəcək, amma İstanbuldan Qara dənizdə minaların təmizlənməsinə hazırlıq üzrə dəniz simulyasiyasına rəhbərlik edəcək.

“Bu, nəzəri plan deyil, döyüşlər dayanan kimi Ukraynaya kömək etməyə hazır real qüvvədir”, - Britaniyanın müdafiə naziri Ues Stritinq deyib.

Təlimin rəhbərlərindən britaniyalı general-leytenant Tom Beytman qüvvənin “sülhməramlı və ya atəşkəsə nəzarət missiyası” olmadığını deyib. Onun sözlərinə görə, məqsəd Ukrayna ordusunun bərpasına dəstək olmaq, onun “gələcək Rusiya təcavüzünü” çəkindirmək və lazım gələrsə, ona qarşı müdafiə olunmaq imkanını gücləndirməkdir.

“France 24” telekanalı yazır ki, təlimin miqyası və müddəti Rusiyanı qıcıqlandıra bilər. Təlim Rusiya, Ukrayna və ABŞ-nin Əbu-Dabidə noyabrın 10-11-nə planlaşdırılan danışıqları ilə eyni vaxta düşür.

Digər xəbərlər