Son dəqiqə:

Milli Kibertəhlükəsizlik Agentliyi Azərbaycanda satılan bəzi televiziya qutularında zərərli proqram tapıldığını deyir

İllüstrativ foto: Justin Ormont, CC BY-SA 3.0, Wikimedia Commons
05-11-2026 10:54

Milli Kibertəhlükəsizlik Agentliyi Azərbaycanda satılan bəzi "Android TV box" cihazlarında, yəni adi televizora internet imkanı qazandıran qutularda "BADBOX 2.0" adlı botnet kampaniyasına aid zərərli komponentlər aşkarlandığını bildirib. Botnet sahiblərinin xəbəri olmadan uzaqdan idarə olunan cihazlar şəbəkəsinə deyilir.

Agentliyin məlumatına görə, oktyabrda bir sıra dövlət qurumlarının saytlarına qarşı DDoS hücumları, yəni saytı sorğu axını ilə sıradan çıxarmaq cəhdləri qeydə alınıb. Hücum trafikinin bir hissəsi Azərbaycanın IP ünvanlarından gəlib, bu ünvanların bir qismi isə həmin cihazların işlədildiyi bağlantılarla əlaqəli çıxıb.

Agentlik deyir ki, cihazlar zərərli komponentlərə hələ istehsal və ya paylama mərhələsində yoluxur. Ona görə cihazı ilkin parametrlərə qaytarmaq problemi həll etməyə bilər. Bu halda hücumun mənbəyi kimi adi ev istifadəçisinin IP ünvanı görünə bilər.

Agentlik mənşəyi məlum olmayan və etibarlı istehsalçının dəstəkləmədiyi "Android" cihazlarını almamağı, tətbiqləri yalnız rəsmi mənbələrdən yükləməyi, şübhəli cihazları internetdən ayırmağı tövsiyə edir. Təşkilatlara isə belə cihazları əsas şəbəkədən ayırmaq və yoluxma hallarını Milli CERT-ə bildirmək tövsiyə olunur.

Digər xəbərlər