Həbsdəki hüquq müdafiəçisinin həyat yoldaşı: Aclıq aksiyası qeydə alınmayıb, Baş Prokurorluğa şikayəti də çatdırılmayıb
İllüstrativ foto: Jobs For Felons Hub, CC BY 2.0, Wikimedia CommonsHəbsdə olan hüquq müdafiəçisi Yaşar Ağazadənin həyat yoldaşı Aygün İsmayıllı deyir ki, onun iyulda 6 saylı Cəzaçəkmə Müəssisəsində keçirdiyi aclıq aksiyası rəsmi qeydiyyata alınmayıb. İsmayıllı bunu noyabrın 4-də mediaya ünvanladığı iki müraciətdə yazıb.
Müraciətə görə, Ağazadə iyulun 2-dən 24-dək qida qəbul etməyib. "Həyat yoldaşım işgəncəyə, fiziki zorakılığa və ləyaqəti alçaldan digər pis rəftara məruz qalmasına, saxlanma şəraitinə, həmçinin qanunsuz olaraq cərimə kamerasına ("kars") salınmasına etiraz əlaməti olaraq qida qəbul etməkdən imtina edib", - İsmayıllı yazıb. O, aksiyanın qeydə alınmaması ilə Cəzaların İcrası Məcəlləsinin və Ədliyyə Nazirliyinin təlimatının pozulduğunu bildirir.
İsmayıllının sözlərinə görə, Ağazadə müəssisənin bir neçə əməkdaşı barədə cinayət işi başlanması üçün Baş prokuror Kamran Əliyevə şikayət yazıb, lakin Bakı İstintaq Təcridxanasına təqdim olunan bu şikayət ünvanına çatdırılmayıb. "Penitensiar Xidmət isə tabe müəssisənin qanunsuz hərəkətlərini araşdırmır", - müraciətdə deyilir.
Həyat yoldaşı onu da deyir ki, oktyabrın 11-də qısamüddətli görüşdə verdiyi rəsmi qəzetləri, prezident İlham Əliyevin çıxışını, Konstitusiya Məhkəməsinə ünvanlanan şikayəti və bəzi hüquqi sənədləri təcridxana əməkdaşları götürüb. Oktyabrın 19-da eyni sənədləri poçtla göndərdiyini, onların da Ağazadəyə çatmadığını bildirib.
Ağazadə 2024-cü ilin aprelində hədə-qorxu ilə tələb etmə ittihamı ilə 5 il 1 ay həbs cəzası alıb, sonradan cəzası daha 5 ay artırılıb. O, ittihamları rədd edir və həbsini siyasi sifarişlə izah edir. Həyat yoldaşının müraciətində iddia olunur ki, Avropa Məhkəməsi 2023-cü ilin sonunda onun hazırladığı və nümayəndəsi olduğu 20-yə yaxın iş üzrə müsbət qərar açıqlayandan sonra Prezident Administrasiyası həbsə göstəriş verib.
