Aİ-nin xarici siyasət rəhbəri Gürcüstan hakimiyyətinə qarşı yeni tədbirlərin yanvarda müzakirə olunacağını deyib
Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas Gürcüstan hakimiyyətinə qarşı yeni tədbirlərin 2027-ci ilin yanvarında müzakirə ediləcəyini bildirib. Onun sözlərinə görə, bütün variantlar nəzərdən keçirilir.
Rusiyanın "RİA Novosti" agentliyi yazır ki, Kallas bunu Brüsseldəki brifinqdə deyib, Gürcüstan hakimiyyətini demokratik prinsiplərdən uzaqlaşmaqda ittiham edib, Brüssellə Tbilisinin münasibətlərinin əks istiqamətlərdə getdiyini söyləyib.
Avropa Komissiyasının noyabrın 4-də qəbul etdiyi genişlənmə hesabatında bildirilir ki, Gürcüstan hakimiyyəti demokratiya və əsas hüquqlarla bağlı iradları aradan qaldırmayıb, bu da ölkənin bütün vətəndaşları üçün vizasız rejimi təhlükə altına qoyur. Sənəddə üzvlük prosesinin faktiki dayandığı, namizəd statusunun yalnız formal qaldığı da yazılıb.
Aİ bu ilin martında Gürcüstanın diplomatik, xidməti və rəsmi pasportlarının sahibləri üçün vizasız rejimi bir il müddətinə, uzadılmaq imkanı ilə dayandırıb. Adi vətəndaşlar üçün rejim hələlik qüvvədədir.
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Avropa Komissiyasını namizəd statusunu və üzvlük danışıqlarını Gürcüstanı şantaj etmək üçün işlətməkdə ittiham edir.
