Ermənistanda məhkəmə daha bir müxalifətçi milyarderin həbs müddətini üç ay uzadıb
Arxiv foto: Asghar Khamseh, CC BY 4.0, Wikimedia CommonsYerevanın Nor Nork inzibati rayon məhkəməsi "Çiçəklənən Ermənistan" partiyasının lideri, iş adamı Qaqik Tsarukyanın həbs müddətini üç ay uzadıb. Tsarukyan iyulun 7-də həbs edilib, sentyabrın 4-də həbs müddəti iki ay uzadılmışdı.
Rusiyanın "İnterfaks" agentliyi yazır ki, İstintaq Komitəsi Tsarukyanın rəhbərlik etdiyi deyilən qrupu 2022-2024-cü illərdə birgə şirkət qurduqları İran vətəndaşlarından 22 milyon dollardan çox pul ələ keçirməkdə və çirkli pulların yuyulmasında şübhəli bilir. Avqustda ona 2008-2009-cu illərlə bağlı 2,5 milyon dollar hədə-qorxu ilə pul tələb etmək ittihamı da verilib, vergidən yayınma üzrə də iş açılıb.
Tsarukyan cinayət işinin saxta olduğunu deyir, vəkilləri isə həbs üçün əsas olmadığını bildirir. Baş nazir Nikol Paşinyan əvvəllər Tsarukyanın və digər müxalifət liderlərinin həbsdə olmalı olduğunu deyib, onları iyunun 7-dəki parlament seçkilərində seçki rüşvəti paylamaqda ittiham edib. Agentliyə görə, Tsarukyanın "Ararat" konyak-şərab kombinatı və "Araratsement" zavodu artıq dövlətin idarəsinə verilib.
Eyni gün Yerevan məhkəməsi "Güclü Ermənistan" partiyasının lideri, milyarder Samvel Karapetyan barəsində də bir aylıq həbs qərarı verib. Partiyanın bəyanatında deyilir ki, bu qərar dövlət qurumlarının Paşinyanın göstərişini yerinə yetirdiyini sübut edir, Baş nazir isə partiyanın "Əliyev konstitusiyası" adlandırdığı yeni Konstitusiyanı antidemokratik yolla qəbul etdirməyə çalışır.
Hakim partiyanın yeni Konstitusiya layihəsini referenduma çıxarması üçün ən azı altı müxalifət deputatının səsi lazımdır. Rəsmi Bakı sülh sazişinin imzalanması üçün Ermənistan Konstitusiyasının dəyişdirilməsini tələb edir.


