İran İnqilab Keşikçiləri Hörmüz boğazında iki tanker və yedək gəmisinin alışdığını, iki ABŞ dronunu ələ keçirdiyini deyir
İslam İnqilabı Keşikçiləri Korpusu Hörmüz boğazından Tehranın icazə vermədiyi marşrutla keçməyə çalışan iki neft tankerində və bir yedək gəmisində yanğın başladığını bildirib. Korpusun bəyanatını İranın "Fars" agentliyi yayıb.
Bəyanata görə, gecə böyük neft tankeri boğazın Omana yaxın cənub keçidi ilə gedərkən minaya düşüb və alışıb. İkinci supertanker boğazdan çıxarkən yanıb, yanğını söndürmək üçün göndərilən yedək gəmisini də alov bürüyüb.
Korpus həmçinin dəniz qüvvələrinin radioelektron mübarizə bölmələrinin ABŞ-yə məxsus iki LUCAS dronunu nəzarətə götürüb yerə endirdiyini və ələ keçirdiyini deyir. Bəyanatda Vaşinqton gəmiləri minalanmış və Tehranın icazə vermədiyi yerlərdən keçməyə məcbur etməkdə ittiham olunur, bunun maliyyə xərclərinin və sığorta ödənişlərinin ABŞ vergi ödəyicilərinin və bölgədəki müttəfiqlərinin üzərinə düşdüyü bildirilir.
İnqilab Keşikçiləri tankerlərin minaya düşməsi barədə əvvəl də açıqlamalar yayıb. İyulda iki tanker barədə oxşar iddiaya ABŞ Mərkəzi Komandanlığı "X"də "İnqilab Keşikçilərinin əksər iddiaları kimi, bu da yalandır" cavabını vermişdi.
ABŞ və İsrailin fevralın 28-də başlatdığı müharibə davam edir, ABŞ İrana dəniz blokadası tətbiq edir. Bir gün əvvəl Korpus Qeşm adası üzərində ABŞ-yə məxsus MQ-1 dronunu vurduğunu da bildirmişdi.


