Azərbaycanda hərbi hissəni icazəsiz tərk edən zabitlərə 200-300 manat cərimə təklif olunur, hərbi ekspertlər fikir ayrılığındadır
Milli Məclisdəki qanun layihəsinə görə, hərbi hissəni icazəsiz tərk edən və ya xidmətə gecikən zabit, gizir, miçman və müddətdən artıq xidmət edən hərbçilər 1 gündən 10 günədək yoxluğa görə 200-300 manat cərimə olunacaq və ya 15 günədək inzibati həbs ediləcək. Bir il ərzində təkrar olarsa, cərimə 300-500 manata, həbs isə 10 gündən 1 ayadək müddətə qalxacaq.
Hazırda bu xəta üçün ilk dəfə 20 günədək, təkrarda 15 gündən 1 ayadək həbs nəzərdə tutulub, cərimə yoxdur. Layihəni təqdim edən deputat Əminə Ağazadə dəyişikliyin hərbi xidmət əleyhinə inzibati xətalara prokuror nəzarətini gücləndirmək məqsədi daşıdığını deyib.
AzadlıqRadiosu layihə barədə hərbçilərin və ekspertlərin fikrini öyrənib. Adının çəkilməsini istəməyən ehtiyatdakı bir zabit radioya deyib ki, bir günlük gecikməyə görə hərbçini birbaşa həbs etməmək insaflıdır, amma hərbçi gecikməni sadəcə cərimə ödəməklə həll edə biləcəyini bilsə, orduda intizam çökər.
Ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov cəriməni ordunun idarəetmə fəlsəfəsinə zidd sayır: "Zabit, gizir, miçman, MAXE hara, cərimə hara?! Bəyəm avtomobil sürürlər ki, cərimə edirsiniz?!" Hərbi ekspert Səxavət Məmməd də hərbçilərin maaşının yüksək olmadığını, çoxunun banklara borclu olduğunu xatırladıb. Hərbi ekspert Ədalət Verdiyev isə dəyişikliyi nizam-intizamı möhkəmləndirən "zəruri addım" adlandırır.
Hüquq elmləri doktoru Əlövsət Allahverdiyev "Şərq" qəzetinə deyib ki, əvvəllər üç gündən çox yoxluq cəza yaradırdı, yeni təklifə görə isə bir günlük gecikmə də cəzaya səbəb olacaq. Ona görə dəyişikliyi sadəcə yüngülləşdirmə saymaq düzgün olmaz. İqtisadçı Məmməd Talıblı isə layihəni cərimələrin fiskal siyasətdə artan çəkisi ilə bağlayır və cərimənin büdcə doldurmaq mənbəyi olmamalı olduğunu deyir.
