Son dəqiqə:

ABŞ portalı: Komandanlıq İrana qarşı döyüşlərin bərpasına hazırlığı bitirir, Trampın köməkçiləri onun qərarını bilmir

İllüstrativ foto: ABŞ Hərbi Dəniz Qüvvələri, Public domain, Wikimedia Commons
05-11-2026 10:49

ABŞ hərbi komandanlığı İrana qarşı genişmiqyaslı döyüş əməliyyatlarının mümkün bərpasına hazırlığı yekunlaşdırır, Yaxın Şərqə əlavə qüvvə və vasitələr göndərir. Bunu "Axios" portalı adı açıqlanmayan rəsmilərə istinadən yazır.

Portalın yazdığına görə, prezidentin ən yaxın köməkçiləri onun Konqres seçkilərindəki məğlubiyyətdən sonra nə edəcəyini hələ bilmir. "Axios" müharibənin bərpasının çox qeyri-populyar addım olacağını və uğur gətirməyə də bilməyəcəyini qeyd edir. Trampın keçmiş müşavirlərindən biri portala deyib ki, seçkini uduzan prezident ikinci dəfə də məğlub görünmək istəmir.

Portala görə, İran güzəştə getməsə və ya Trampın siyasi məğlubiyyətini zəiflik sayıb tələblərini artırsa, razılaşma əldə etmək çox çətin olacaq.

Tramp noyabrın 4-də jurnalistlərin müharibəni nə vaxt bitirəcəyi sualına özü istədiyi vaxt cavabını verib. O, bunun düzgün edilməli olduğunu, İranın nüvə silahı əldə etməməli olduğunu da əlavə edib. Tramp son həftələrdə seçkidən sonra müharibəyə bu və ya digər yolla son qoyacağını deyirdi.

Bazar isə hələlik müharibənin bitəcəyinə oynayır: "Brent" markalı neft çərşənbə günü 8,67 faiz ucuzlaşıb.

Digər xəbərlər