Gələn il "Şahdəniz"dən büdcəyə mənfəət vergisi 180 milyon manat azalacaq, AÇG-dən isə hasilat düşsə də artacaq
2027-ci il dövlət büdcəsinin layihəsində "Şahdəniz" layihəsindən mənfəət vergisi kimi 1 milyard 420 milyon manat daxilolma proqnozlaşdırılır. Bu, 2026-cı ilin proqnozundan 180 milyon manat və ya 11,3 faiz azdır, 2025-ci ilin faktiki icrası ilə müqayisədə isə azalma 840,3 milyon manatdır.
Sənəd azalmanı hasilatın düşməsi və qaz qiymətinin aşağı proqnozlaşdırılması ilə izah edir. 2026-cı ilin proqnozu ilə müqayisədə kondensat hasilatı 0,5 milyon barel və ya 1,7 faiz, qaz hasilatı 0,2 milyard kubmetr və ya 0,7 faiz azalacaq, Avropa bazarında qazın qiyməti isə 30 dollar və ya 6,8 faiz aşağı götürülüb. 2025-ci illə müqayisədə kondensat üzrə azalma 10,4 faiz, qaz üzrə 2,2 faiz, qiymət üzrə 15,3 faizdir.
"Azəri-Çıraq-Günəşli" (AÇG) layihəsi üzrə mənfəət vergisi isə 320 milyon manat gözlənilir. Bu, 2026-cı ilin proqnozundan 20 milyon manat və ya 6,7 faiz, 2025-ci ilin faktiki icrasından isə 28,3 milyon manat və ya 9,7 faiz çoxdur.
Halbuki AÇG-də gündəlik neft hasilatının 1,7 min barel azalaraq 316,4 min barel olacağı gözlənilir. Layihədə artım neftin büdcədə götürülən qiyməti və xərclərin azalması ilə əlaqələndirilir: əməliyyat xərcləri 16,3 faiz, kapital xərcləri 3,3 faiz aşağı olacaq.
"Şahdəniz"in operatoru bp-nin rəqəmlərinə görə, bu ilin ilk doqquz ayında yataqda qaz hasilatı artıq 4,8 faiz azalıb, əsaslı xərclər isə 42,6 faiz artıb.
