Ermənistan xarici işlər naziri: Türkiyə ilə sərhədin açılmasına istənilən vaxt keçə bilərik, Azərbaycan yükləri də Ermənistandan keçəcək
Arxiv foto: oscepa, CC BY-SA 2.0, Wikimedia CommonsErmənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentdə deyib ki, Türkiyə ilə sərhədin açılması və diplomatik əlaqələrin qurulması prosesi o qədər yetişib ki, bu addımlara istənilən vaxt keçmək olar. O, konkret tarix deməyib. Mirzoyan oxşar fikri may ayında da səsləndirmişdi, sərhəd isə hələ də bağlıdır.
Nazirin sözlərinə görə, əvvəllər iki ölkə arasında satış gömrükdə texniki olaraq üçüncü ölkələr üçün rəsmiləşdirilirdi, indi isə birbaşa rəsmiləşdirilir. Malların özü yenə də başqa yollarla, əsasən Gürcüstan vasitəsilə daşınır. Mirzoyan növbəti erməni-türk biznes forumunun 2027-ci ilin əvvəlində Ermənistanda keçirilə biləcəyini də deyib.
Azərbaycana gəlincə, Mirzoyan TRIPP və digər layihələr vasitəsilə Ermənistandan Azərbaycan yüklərinin də daşınacağına şübhə etmədiyini söyləyib. O deyib ki, sülh sazişinin tezliklə imzalanması və təsdiqi Ermənistanın öhdəliyi olaraq qalır, o vaxta qədər isə tərəflər ticarəti və Azərbaycanın öz ərazisini Ermənistana gedən və oradan gələn yüklərin tranziti üçün açmasını davam etdirəcək.
Mirzoyan parlament komitəsində keçirilən müzakirədə isə TRIPP üzrə maneəsiz keçidin hər yükün Ermənistandan keçə bilməsi demək olmadığını deyib. "Armenpress" agentliyinin yazdığına görə, nazir silah və sursat kimi qadağan olunmuş yüklərin tranzitinin mümkün olmadığı barədə Azərbaycanla anlaşma olduğunu bildirib. Komitə TRIPP üzrə ABŞ ilə sazişin təsdiqi layihəsini bəyənib, sənəd parlamentin plenar iclasına çıxarılacaq.
Rəsmi Bakı sülh sazişinin imzalanmasını Ermənistan Konstitusiyasının dəyişdirilməsi ilə əlaqələndirir. Mirzoyandan Ankara ilə Bakı arasındakı mümkün gərginliyin sərhədin açılmasına kömək edib-etməyəcəyi də soruşulub, nazir siyasətlərini bunun üzərində qurmadıqlarını deyib. Azərbaycan XİN oktyabrın 21-də 31 Türkiyə vətəndaşını arzuolunmaz şəxslər siyahısına salmışdı.

