Son dəqiqə:

Azərbaycanda çipsiyə və şirin içkilərə aksiz, kuryerlərə isə aylıq 15 manat vergi təklif olunur

Foto: Gaurav Dhwaj Khadka, CC BY-SA 4.0, Wikimedia Commons
05-11-2026 11:22

Vergi Məcəlləsinə təklif olunan dəyişikliklərə görə, çipsi aksizli mallar siyahısına düşür və yerli istehsalın hər kiloqramına 1 manat aksiz tətbiq olunur. Şirinləşdirilmiş mineral və qazlı içkilərin hər litrinə isə 0,10 manat aksiz alınacaq, bu içkilər aksiz markası ilə satılacaq.

Muzdlu işçisi olmayan kuryerlər aylıq sabit 15 manat sadələşdirilmiş vergi ödəyəcək. Layihədə bu, kuryerlərin hesabat aparmaq vərdişinin olmaması və inzibati yükün onları qeyri-rəsmi işə sövq etməsi ilə izah olunur. Taksi sifarişi operatorları ilə işləyən sürücülərin operatordan aldığı gəlirdən 1 faiz, gözəllik xidməti göstərənlərdən isə 5 il ərzində nağd dövriyyədən 8, nağdsız dövriyyədən 6 faiz vergi tutulması təklif olunur.

Aqrar sahədə gəlir və mənfəət vergisi üzrə 100 faizlik azadolma ləğv edilir, 2027-ci il yanvarın 1-dən 5 il müddətinə 90 faizlik güzəşt tətbiq olunur. Kənd təsərrüfatı şirkətlərinin təsisçilərinin dividend gəliri isə gələn ildən 5 faiz vergiyə cəlb ediləcək. Güzəşt yalnız Kənd Təsərrüfatı Nazirliyinin elektron sistemində qeydiyyatda olan və gəlirini bəyan edən istehsalçılara şamil olunacaq.

Layihədə Aİ-92 benzinin və dizel yanacağının kimyəvi nişanlanması da təklif edilir ki, yanacaq istehsaldan satışa qədər izlənilsin. Rəsmi dilerlərin istehsal tarixi 5 ildən çox olmayan ikinci əl avtomobilləri nağdsız satışında ƏDV isə 3 il müddətinə tam qiymətdən yox, ticarət əlavəsindən hesablanacaq.

Ayrıca qanun dəyişiklikləri ilə məqsədli büdcə fondları ləğv olunur, onların daxilolmaları dövlət büdcəsinə keçir. Bu il həmin fondlara 472,3 milyon manat daxil olacağı proqnozlaşdırılır. Bakıda ödənişli hərəkət zonalarına girişə görə toplanacaq haqq da dövlət büdcəsinə ödəniləcək, zonaları və haqqın məbləğini hökumətin müəyyən etdiyi qurum təsdiq edəcək.

Digər xəbərlər