Ermənistanda müxalifətçi milyarderin həbsindən sonra müxalifət birləşib, yeni Konstitusiya layihəsini "Əliyev konstitusiyası" adlandırır
Ermənistanın müxalifət qüvvələri noyabrın 4-də milyarder Samvel Karapetyanın saxlanılmasından sonra onun evində toplaşıb "Əliyev konstitusiyasının tətbiqi"nə qarşı birləşdiklərini elan ediblər. Bəyanatı Karapetyanın "Güclü Ermənistan" partiyası, birinci prezident Levon Ter-Petrosyanın Erməni Milli Konqresi, ikinci prezident Robert Koçaryanın rəhbərlik etdiyi "Ermənistan" ittifaqı, onun tərkibindəki Erməni İnqilab Federasiyası (Daşnaksutyun) və digər qüvvələr imzalayıb.
Azadlıq Radiosunun erməni xidməti xəbər verir ki, bəyanatı "Güclü Ermənistan" fraksiyasının rəhbəri Narek Karapetyan oxuyub. Bəyanatın müəllifləri "birtərəfli güzəştlər və ərazi itkiləri olmadan sülh", milli kimliyin və Erməni Apostol Kilsəsinin qorunması, demokratik azadlıqların bərpası ətrafında birləşdiklərini deyirlər. Narek Karapetyan görüşün təşəbbüskarının əmisi olduğunu, hakimiyyətin onu həbs etməklə toplantını pozmağa çalışdığını söyləyib, növbəti addımları isə açıqlamayıb.
Ermənistan mediasının yaydığı məlumata görə, məhkəmə Samvel Karapetyan barəsində bir aylıq həbs qərarı seçib. İstintaq Komitəsi onu sahibi olduğu "Ermənistan Elektrik Şəbəkələri" şirkətinə mütəşəkkil şəkildə 64,5 milyard dram, yəni təxminən 180 milyon dollar ziyan vurmaqda şübhəli bilir. Komitəyə görə, işdə 35 nəfər saxlanılıb, müstəntiqlər Karapetyan da daxil olmaqla doqquz nəfərin həbsini istəyib. "Güclü Ermənistan" isə həbsi müxalifətin yeni Konstitusiya ilə bağlı sərt mövqeyi ilə izah edir.
Rəsmi Bakı yekun sülh sazişinin imzalanması üçün Ermənistan Konstitusiyasının preambulasının dəyişdirilməsini tələb edir. Həmin hissədə 1990-cı il Müstəqillik Bəyannaməsinə istinad olunur, bəyannamədə isə 1989-cu ildə Dağlıq Qarabağ Muxtar Vilayəti ilə Sovet Ermənistanının birləşdirilməsi aktından söz açılır. "Azatutyun"un yazdığına görə, hökumətin hazırladığı yeni layihədə Müstəqillik Bəyannaməsinə istinad yoxdur.
Hakim "Vətəndaş Müqaviləsi" partiyası son seçkilərdə konstitusiya çoxluğu qazana bilmədiyi üçün layihəni referenduma çıxarmaqdan ötrü ən azı altı müxalifət deputatının səsinə ehtiyac duyur. Müxalifət parlament müzakirələrində layihəni dəstəkləməyəcəyini bəyan edir. Baş nazir Nikol Paşinyan ötən ayın sonunda belə olacağı təqdirdə növbədənkənar parlament seçkilərinin istisna edilmədiyini bildirib.

