Azərbaycan nefti bir gündə 6,64 dollar ucuzlaşıb, ucuzlaşma ABŞ seçkilərindən sonra İran müharibəsinin bitə biləcəyi gözləntisi ilə izah olunur
"Azeri Light" markalı neftin bir bareli dünya bazarında 5,85 faiz ucuzlaşaraq 106,81 dollara enib. Türkiyənin Ceyhan limanında təhvil şərti ilə qiymət isə 5,75 dollar azalıb, 99,90 dollar olub.
"Brent" markalı neft çərşənbə günü 8,67 faiz ucuzlaşıb, ABŞ-nin WTI markası 8,29 faiz. Cümə axşamı səhər saatlarında eniş davam edib: "Brent"in bir bareli Londonda təxminən 94 dollara, WTI isə Nyu-Yorkda 87 dollara satılıb.
Rusiyanın "İnterfaks" agentliyi yazır ki, Demokratların ABŞ Konqres seçkilərindəki qələbəsi Ağ Evə təzyiqi artıraraq İranla müharibənin sonunu yaxınlaşdıra bilər. Agentliyə görə, Körfəz ölkələrindən neft ixracı da bərpa olunmağa başlayıb. Bununla belə, ABŞ-nin növbəti addımı bəlli deyil: "Axios" portalı hərbi komandanlığın döyüşlərin bərpasına hazırlaşdığını yazır.
Neftin ucuzlaşması Rusiya rublunu da vurub: Moskva birjasında açılışda bir yuan 12,28 rubla qalxıb.
Azərbaycanın 2027-ci il büdcəsi neftin bareli 65 dollar olacağı ehtimalı ilə hesablanıb. Büdcə sənədlərində neftin "fiskal itkisiz" qiyməti isə hazırda 85 dollar göstərilir. "Azeri Light"ın noyabrın 4-dəki qiyməti 113,45 dollar idi.

