Son dəqiqə:

"Financial Times": Putinlə Trampın dizel sövdələşməsi pozula bilər, ABŞ-yə gedən iki tanker kursunu dəyişib

Arxiv foto, Alyaska, 2025: Benjamin D Applebaum, Public domain, Wikimedia Commons
05-11-2026 07:46

ABŞ-yə Rusiya dizeli daşıyan üç tankerdən ikisi kursunu dəyişib. Bu, Tramp ilə Putin arasında Rusiya yanacağının alınması barədə əldə olunan razılaşmanı sual altına alır.

"Financial Times" qəzeti yazır ki, Rusiya tankeri "Talisman" və Honq Konq şirkətinə məxsus, Syerra-Leone bayraqlı "Leruo" artıq ABŞ-nin Atlantik sahilini təyinat yeri kimi göstərmir. "Leruo" noyabrın 2-dən Braziliyaya tərəf dönüb, "Talisman" isə Əlcəzair sahillərindədir və yükünün hələlik alıcısı olmadığını bildirən "sifariş gözləyir" siqnalı verir. Hər iki tanker Avropa İttifaqının sanksiyaları altındadır.

Yunan şirkətinə məxsus üçüncü tanker "Agioi Fanendes" ABŞ-yə doğru hərəkətini davam etdirir, amma eyni siqnalı verir. "Kpler" şirkətinin analitiki Mett Smit qəzetə deyib ki, tankerin bu həftəsonu Nyu-Yorka çatması gözlənilir, lakin amerikalı alıcıların ehtiyatlılığını nəzərə alsaq, onun da yolunu dəyişməsi təəccüblü olmaz. Sanksiya altında olan "Beast" tankeri isə oktyabrın 27-də Rusiyanın Primorsk limanında yüklənib və ABŞ sahillərinə doğru gedir.

Tramp bu razılaşmanı Konqres seçkilərinə bir neçə həftə qalmış yanacaq qiymətini aşağı salmaq üçün əldə etmişdi. İran müharibəsinin başlanğıcından bəri dizel fyuçerslərinin qiyməti 60 faizdən çox bahalaşıb, noyabrın əvvəlində ABŞ-də bir qallon dizelin orta qiyməti təxminən 6,30 dollar olub. Noyabrın 3-də keçirilən seçkilərdə Demokratlar Konqresin hər iki palatasında çoxluq qazanıblar.

Digər xəbərlər