Son dəqiqə:

SOCAR ABŞ-də qaz yataqlarından pay almaq üçün 1,65 milyard dollar ödəyəcək, idarəetmə hüququ almır

Arxiv foto, Luizianada "Haynesville" yatağında qazma işləri, 2013: Daniel Foster, CC BY-SA 2.0, Wikimedia Commons
05-11-2026 09:01

SOCAR ABŞ-nin "Comstock Resources" şirkətinin Şimali Luiziana və Şərqi Texasdakı "Haynesville" şist qazı aktivlərindən pay almaq üçün noyabrın 4-də yekun alqı-satqı müqaviləsi imzalayıb. SOCAR-ın açıqlamasına görə, sövdələşmənin dəyəri 1,65 milyard dollardır, qiymətə standart düzəlişlər edilə bilər.

Müqaviləyə əsasən, SOCAR "Legacy Haynesville" layihəsində 20 faiz, "Western Haynesville" layihəsində 15 faiz pay alır. "Comstock"un "Pinnacle Gas Services" şirkətindəki 73 faizlik payının 15 faizi də SOCAR-a keçir. SOCAR bu aktivlərdə əməliyyatların idarə edilməsində iştirak etməyəcək. "Western Haynesville"dəki payı isə beş il keçdikdən və SOCAR bu aktivlərə qoyduğu vəsaitdən 15 faiz gəlir əldə etdikdən sonra 7,5 faizə enəcək.

Əməliyyatın qüvvəyə minmə tarixi 2026-cı il iyulun 1-i müəyyən edilib, amma sövdələşmə hələ bitməyib: dövlət qurumlarının razılığı alınmalıdır. Tərəflər niyyət məktubunu sentyabrın 1-də açıqlamışdı, sövdələşməni ilin sonunadək yekunlaşdırmağı planlaşdırırdılar.

"Comstock" sentyabrdakı açıqlamasında bu pulu borclarını ödəməyə yönəldəcəyini bildirmişdi. Şirkətin hesablamasına görə, sövdələşmə nəzərə alınmaqla iyunun 30-na olan xalis borcu 3,1 milyard dollardan 1,5 milyard dollara enir. Şirkət həm də qazını beynəlxalq alıcılara satmaq üçün SOCAR-ın imkanlarından yararlanacağını deyir.

"Comstock"un əsas səhmdarı Amerika futbolu klubu "Dallas Cowboys"un sahibi, milyarder Cerri Consdur. Şirkətin açıqlamasına görə, onun ailəsinə məxsus ortaqlıq sentyabrdan etibarən 12 ay ərzində 27 quyunun qazılmasına təxminən 450 milyon dollar ayırır.

Digər xəbərlər