Gələn il uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qalxır, yaşayış minimumu isə 314 manat olacaq
Foto: Azərbaycan Respublikası Mərkəzi Bankı, Public domain, Wikimedia CommonsMilli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev sosial büdcənin müzakirəsində deyib ki, uşağın anadan olmasına görə birdəfəlik müavinətin 600 manatdan 1500 manata qaldırılması proqnozlaşdırılır. Sığortalı şəxslərə 3 yaşınadək uşağa qulluğa görə müavinət 700 manatdan 936 manata, digər 3 yaşınadək uşağa qulluq müavinəti isə 37 manatdan 100 manata çatdırılacaq.
Sosial sığorta hesabına verilən müavinətlərə gələn il 281 milyon manat ayrılır, bu, bu ilin proqnozundan 77 milyon manat, yəni 38 faiz çoxdur. Layihəyə görə, doğum müavinətini 56 min nəfər, aylıq 100 manatlıq qulluq müavinətini isə təxminən 25 min nəfər alacaq.
Yaşayış minimumu 300 manatdan 314 manata, yəni 4,6 faiz qalxır: əmək qabiliyyətli əhali üçün 334, pensiyaçılar üçün 258, uşaqlar üçün 274 manat. Ehtiyac meyarının həddi də 314 manat olacaq.
Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev deyib ki, gələn il əmək pensiyasının orta məbləği 639 manat, yaşa görə əmək pensiyasınınkı isə 680 manat proqnozlaşdırılır. Pensiya xərcləri 8,67 milyard manat olacaq, bu ilkindən 8,46 faiz çox. Layihədə pensiyaların indeksləşdirilməsi 7,5 faiz hesablanıb.
Dövlət Sosial Müdafiə Fondunun gəlirlərinin 9,22 milyard manata çatacağı gözlənilir. Bunun 7,59 milyard manatı məcburi sosial sığorta haqlarıdır və bu ilkindən 995 milyon manat çoxdur. Fondun büdcəsinə dövlət büdcəsindən də 1,6 milyard manat ayrılır.
