Türkiyədə “Halk TV”yə qarşı üçüncü əməliyyat: kanalın aparıcısı da daxil 9 nəfər saxlanılıb
Türkiyədə ən çox izlənilən xəbər kanallarından biri olan “Halk TV”yə qarşı aparılan istintaq çərçivəsində üçüncü əməliyyat dalğası keçirilib. Türkiyə mediasının yazdığına görə, 12 nəfər barəsində saxlanılma qərarı verilib, onlardan 9-u saxlanılıb.
Saxlanılanlar arasında kanalın aparıcısı Ece Üner və onun həyat yoldaşı Deniz Bayramoğlu da var. Kanalın xəbər koordinatoru Hakan Kürşad Oğuz barəsində də saxlanılma qərarı verilib; İstanbul Baş Prokurorluğu onun hazırda xaricdə olduğunu açıqlayıb.
Türkiyə mediasının məlumatına görə, istintaq kanalın sahibi Cafer Mahiroğlu ilə bağlı aparılır, prokurorluq maliyyə əməliyyatlarını, şirkətlər və bələdiyyə tenderləri ilə əlaqələri araşdırır. Şübhəlilər cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, cinayətkar təşkilat yaratmaq və ona üzv olmaq, rüşvət, tenderlərə müdaxilə, vergi qanunvericiliyinin pozulması və “ictimaiyyəti yanıldan məlumatları açıq yaymaq”da ittiham olunur. Bu ittihamlar məhkəmə tərəfindən təsdiqlənməyib.
Əməliyyat Türkiyədə müxalifət və müstəqil mediaya qarşı addımların davam etdiyi dövrə düşür. Bir neçə gün əvvəl polis “Sözcü TV”yə basqın edib, kanala hökumətin təyin etdiyi qəyyum gətirilib; son bir ildə oxşar addımlar “Tele1”, “Halk TV” və “T24” saytına qarşı da atılıb. Noyabrın 22-də İstanbulda minlərlə insan medianın sıxışdırılmasına etiraz edib.
Media hüquqları təşkilatı MLSA-nın hesablamasına görə, Türkiyədə 25 jurnalist həbsdədir. Prezident Rəcəb Tayyib Ərdoğanın hökuməti jurnalistləri “yalan xəbər” yaymaqda ittiham edir, hüquq müdafiəçiləri isə ölkədə mətbuat azadlığının ciddi təzyiq altında olduğunu deyir.

