Tramp İranla müharibədə “qələbənin əldə” olduğunu deyir, regiona əlavə təyyarədaşıyan göndərilib
ABŞ-nin “Carl Vinson” təyyarədaşıyanı, illüstrativ foto. Foto: James R. Evans/ABŞ Hərbi Dəniz Qüvvələri, Public domain, Wikimedia CommonsABŞ prezidenti Donald Tramp noyabrın 26-da Floridadakı Mar-a-Laqo iqamətgahından “Şükran günü” münasibətilə amerikalı hərbçilərlə danışarkən İranla müharibədə “qələbənin əldə” olduğunu və bunun “nə vaxt istəsə” baş verəcəyini deyib. O, ABŞ-nin regiona əlavə təyyarədaşıyan gəmi göndərdiyini bildirib və İranı “böyük səhvlər” etməkdə ittiham edib.
Tramp sonra jurnalistlərə deyib ki, son günlərdə İsrailin Baş naziri Binyamin Netanyahu ilə danışıb. Onun sözlərinə görə, hərbi əməliyyatlar bərpa olunarsa, ABŞ İranın Natanz uran zənginləşdirmə kompleksi yaxınlığındakı “Pickaxe Mountain” adlı yeraltı obyekti vuracaq. Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) bu obyekti heç vaxt yoxlamayıb, içində nə olduğu məlum deyil. Tramp obyektdə ciddi fəallıq müşahidə edilmədiyini də deyib.
ABŞ prezidenti İranın razılaşmaya gedəcəyinə şübhə etdiyini bildirib: “Razılaşma əldə etsələr yaxşı olardı. Şəxsən mən elə düşünmürəm”. Tramp ABŞ-nin dəniz blokadasını tarixin ən böyüyü adlandırıb və amerikan qüvvələrinin Hörmüz boğazında ticarət gəmilərini hədəf alan raket və dronların qarşısını almaq üçün 150 raket atdığını deyib.
İranın xarici işlər naziri Abbas Əraqçi isə Qətər və Pakistan vasitəçilərinin Tehran ilə Vaşinqton arasında təklifləri ötürməyə davam etdiyini, lakin İranın Hörmüz boğazının yenidən açılması ilə bağlı şərtlərinin dəyişmədiyini bildirib. “Düşünürəm ki, yollar açıla bilər”, - deyə Əraqçi qeyd edib. Tehran əsaslı nüvə danışıqlarından əvvəl ABŞ-nin dəniz blokadasının götürülməsini, dondurulmuş aktivlərinin azad edilməsini və hərbi əməliyyatların dayandırılmasını istəyir; Vaşinqton isə ilk mərhələdə Tehrandan nüvə öhdəlikləri tələb edir.
Hörmüz boğazındakı gərginlik Azərbaycan neftinin qiymətinə də təsir edir: “Azeri Light” neftinin bir barreli noyabrın 26-da yenidən 100 dolları ötüb.


