Rusiya gecə Ukraynanın 318 dronunu vurduğunu deyir, Sankt-Peterburqda partlayışlar eşidilib
Foto: Stefan Krasowski, CC BY 2.0, Wikimedia CommonsRusiya Müdafiə Nazirliyi noyabrın 27-də bildirib ki, gecə ərzində hava hücumundan müdafiə qüvvələri Ukraynanın 318 təyyarə tipli pilotsuz uçuş aparatını “neytrallaşdırıb”. Nazirliyin məlumatına görə, dronlar Bryansk, Belqorod, Kaluqa, Kursk, Leninqrad, Novqorod, Oryol, Rostov, Smolensk, Tula vilayətləri və Rusiyanın ilhaq etdiyi Krım üzərində vurulub.
Sankt-Peterburqun yerli “Bumaqa” nəşri yazır ki, sakinlər şəhərin Mərkəzi, Petroqrad, Vasilyevski adası, Primorski, Vıborq, Kalinin, Krasnoqvardeysk və Nevski rayonlarında partlayış səsləri eşitdiklərini bildiriblər. Nəşrə görə, “Şuvalovski” yaşayış kompleksindəki binalardan birinin yuxarı mərtəbəsi zədələnib; yaralanan barədə məlumat yoxdur. Pulkovo hava limanı hücum zamanı reys qəbul etməyib və göndərməyib.
Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko vilayət üzərində gecə 45 dron vurulduğunu yazıb. Onun sözlərinə görə, Ladoqa körpüsü müvəqqəti bağlanıb, körpünün üzərindən “mobil atəş qrupları” dronlara atəş açıb.
Krasnodar diyarının operativ qərargahı bildirib ki, Novorossiyskdə dron hücumu nəticəsində üç nəfər yaralanıb. Qərargahın açıqlamasına görə, “qəlpələrin düşməsi” nəticəsində çoxmərtəbəli yaşayış binasının pəncərələri sınıb, iki fərdi evdə yanğın baş verib.
Tula vilayətinin Yefremov şəhərində partlayışlar sintetik kauçuk zavodu və şəhər istilik elektrik stansiyasının ərazisində eşidilib. Müstəqil “Astra” Telegram kanalı yazır ki, hücumdan sonra şəhərdə istilik kəsilib. Qubernator Dmitri Milyayev isə infrastruktura ziyan dəymədiyini, yalnız bir neçə fərdi evin şüşələrinin sındığını bildirib. “Ukrainska Pravda” nəşrinin yazdığına görə, bu zavodun məhsulu raket yanacağı istehsalında işlədilir.
Rusiya Müdafiə Nazirliyi eyni gecə öz dronları ilə Ukraynanın Xmelnitski vilayətindəki “Termoplast” müəssisəsinə, Zaporojyedəki elektrotexnika zavoduna, Kiyev vilayətinin Bila Tserkva şəhərindəki logistika mərkəzinə, Dnepropetrovsk vilayətində dörd lokomotivə, Krıvıy Rih və Jitomirdəki elektrik yarımstansiyalarına zərbələr endirdiyini açıqlayıb. Nazirlik bu obyektləri Ukrayna ordusunun təchizatı ilə əlaqələndirir.
Qarşılıqlı hücumlar ABŞ prezidenti Donald Trampın Vladimir Putini Avropada “hərbi təcavüzü geri çəkməyə” çağırdığı və Ukrayna ilə bağlı danışıqların davam etdiyi günlərə təsadüf edir.

