Milli Məclis QHT-lərin fəaliyyətini məhkəməsiz dayandırmağa imkan verən qanunu qəbul edib

Foto: State Duma, CC BY 4.0, Wikimedia Commons
27-11-2026 11:57

Milli Məclis noyabrın 27-də “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanuna dəyişiklikləri üçüncü, sonuncu oxunuşda qəbul edib. Dəyişikliyə görə, qanun pozulduqda yerli QHT-lərin, eləcə də xarici təşkilatların filial və nümayəndəliklərinin fəaliyyətini bir ilədək müddətə artıq məhkəmə yox, “müvafiq icra hakimiyyəti orqanı” dayandıra biləcək. Pozuntu aradan qaldırılarsa, eyni orqan fəaliyyəti vaxtından əvvəl bərpa edə biləcək. İndiyədək bu addım yalnız məhkəmə qərarı ilə atıla bilərdi.

Qanun fond yaratmaq üçün tələb olunan minimum nizamnamə kapitalını on dəfə artırır: 10 min manatdan 100 min manata. İctimai birlik və fondlar bundan sonra yalnız bir növdə yaradıla biləcək.

Keçid müddəalarına görə, qanun qüvvəyə mindikdən sonra qeydiyyatda olan bütün QHT-lər 30 gün ərzində nizamnamələrini dəyişib yenidən qeydiyyat üçün müraciət etməlidir. Sazişi bitmiş və ya ümumiyyətlə sazişi olmayan xarici təşkilatların filialları da bu müddətdə saziş bağlamalıdır. Müraciət etməyən və ya qeydiyyatdan imtina cavabı alan təşkilatların fəaliyyəti dayandırılacaq, onların ləğvi üçün isə məhkəməyə müraciət olunacaq.

Qanun layihəsi təşkilatların ləğvi üçün yeni əsaslar da müəyyən edir: fəaliyyəti “dövlətin və cəmiyyətin qanunla qorunan maraqlarına təhdid yaradan”, bir il ərzində iki və daha çox yazılı xəbərdarlıq alan, üç il ardıcıl ümumi yığıncaq çağırmayan təşkilatlar məhkəmə qərarı ilə ləğv edilə biləcək.

Hüquq müdafiəçisi Leyla Yunus layihəni müstəqil təşkilatlara “sonuncu güllə” adlandırmışdı, “Human Rights Watch” insan haqları təşkilatı isə hakimiyyəti dəyişikliklərdən imtina etməyə çağırmışdı. Qanun Azərbaycanda QHT rəhbərlərinin cinayət işi ilə mühakimə olunduğu dövrdə qəbul edilir: “QHT işi” üzrə “Vətəndaş Hüquqları İnstitutu”nun rəhbəri Bəşir Süleymanlı noyabrın 19-da 7 il 6 ay həbs cəzası alıb. Süleymanlı ittihamları qəbul etmir.

Digər xəbərlər