Həbsdəki jurnalist Fərid İsmayılov Umbakı həbsxanasında yağış suyunun dəhlizlərə axdığını yazır

Foto: Ulviyya Guliyeva, Public domain, Wikimedia Commons
27-11-2026 11:16

“Toplum TV işi” üzrə 12 il azadlıqdan məhrum edilən jurnalist Fərid İsmayılov yazır ki, Umbakı Penitensiar Kompleksində son yağışlar zamanı bəzi dəhlizlərə damdan su axır, döşəmədə gölməçələr yaranır. Onun sözlərinə görə, rütubət çatlamış divarlara və məhbusların saxlanıldığı kameralara yayılır.

“Toplum TV”nin yayımladığı yazısında İsmayılov bildirir ki, dəhlizlərə axan sudan yayınmaq mümkün olsa da, məhbuslar rütubətli divarlar arasında yaşamağa məcburdur.

Ədliyyə Nazirliyi Umbakı kompleksini 2023-cü ildə “müasir” və “beynəlxalq standartlara uyğun” müəssisə kimi təqdim etmişdi. Rəsmi məlumata görə, 1300 nəfərlik kompleksdə müxtəlif rejimli 19 kamera tipli korpus tikilib.

Jurnalist dövlət satınalmalarına da diqqət çəkir. Onun yazdığına görə, Penitensiar Xidmətin Təchizat İdarəsi 2026-cı ildə Umbakı, Lənkəran və 4 saylı Cəzaçəkmə Müəssisəsində su və çirkab su sistemlərinə xidmət üçün satınalma keçirib, qalib şirkətlə 210 min 984 manatlıq müqavilə bağlanıb. İsmayılov bu müqavilənin dam örtüyü və drenaj problemlərini əhatə edib-etmədiyinin aydın olmadığını yazır və soruşur: “Su və çirkab su sistemlərinə xidmət üçün dövlət büdcəsindən yüz minlərlə manat ayrıldığı halda, müəssisədə yağış sularının dəhlizlərə axmasının qarşısı niyə alınmayıb?”

“Toplum TV” iddialarla bağlı Penitensiar Xidmətə sorğu göndərib. Qurum hələlik cavab verməyib.

Digər xəbərlər