Ukrayna polisi Rusiyanın Zaporojyedə 40 nəfəri öldürən bombardmanının görüntülərini yayıb, kadrları həlak olan polisin kamerası çəkib
Foto: DSNS, CC BY 4.0, Wikimedia CommonsUkrayna Milli Polisi Rusiyanın noyabrın 2-də Zaporojye vilayətinin Kamışevaxa qəsəbəsinə endirdiyi aviazərbəyə aid görüntüləri yayıb. Kadrlar həlak olan polislərdən birinin üzərindəki yaxa kamerası ilə çəkilib. Ukrayna tərəfinin məlumatına görə, ən azı 40 nəfər ölüb.
Görüntülərdə ilk zərbədən sonrakı dağıntılar arasında gəzən sakinlər görünür. Hərbi rəsminin səsi ratsiya ilə polisləri qəsəbəyə yeni idarəolunan bombalar buraxıldığı barədə xəbərdar edir. “Tez sığınacağa!” - polislərdən biri sakinlərə deyir. İnsanlar ən azı iki mərtəbə dərinlikdəki sığınacağa enir, az sonra partlayış eşidilir və alov görünür.
BBC Verify yoxlama xidməti videonun Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin hücumdan sonra yaydığı kadrlarla eyni yerdə çəkildiyini təsdiqləyib. Xidmətin yaydığı başqa bir videoda sığınacağın yerində böyük quyu görünür.
Ukrayna tərəfi bildirir ki, qəsəbəyə doqquz idarəolunan bomba atılıb, onlardan bəzilərinin çəkisi 3 min kiloqram olub. Sığınacaq humanitar yardım paylanan məktəbin yaxınlığında yerləşirdi. Prezident Volodimir Zelenski deyir ki, dağıntılar altında 30-dan çox adam qala bilər, axtarış işləri üçüncü gündür davam edir.
“Təəssüf ki, bu ağılsız hücuma dünyadan çox az reaksiya var”, - Zelenski yazıb və hücumu Rusiyanın “minlərlə” müharibə cinayətindən biri adlandırıb. Rusiya prezidenti Vladimir Putin isə həmin gün Kremldə ölkəsinin “heç vaxt heç kimi təhdid etmədiyini” deyib.


