Vergi Xidmətinin 200 min manat rüşvətdə ittiham olunan üç rəhbər əməkdaşı təqsirini qəbul etməyib
Dövlət Vergi Xidmətinin üç vəzifəli şəxsinin rüşvət ittihamı ilə məhkəməsi noyabrın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində başlayıb. Hakim Zaur Hacıyevin sədrlik etdiyi ilk iclasda Eldəniz Əhmədov, Rüstəm Mirzəyev və Kənan Məmmədov ittihamla razılaşmayıb və özlərini təqsirli bilməyiblər.
Eldəniz Əhmədov Vergi Xidmətinin Bakı şəhəri üzrə Operativ vergi nəzarəti və uçotun təşkili baş idarəsinin rəis müavini, Rüstəm Mirzəyev həmin baş idarənin Sahə təhkimçiliyi idarəsinin rəis müavini, Kənan Məmmədov isə bu idarənin 4-cü şöbəsinin rəisi olub.
Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin ittihamına görə, onlar 2026-cı ilin mayında Bakıdakı ticarət mərkəzlərindən birində işləyən çoxsaylı sahibkardan vergi yoxlaması keçirməmək, cərimə tətbiq etməmək və başqa məqsədlərlə ümumilikdə 200 min manat alıblar.
Prokurorluq bildirir ki, araşdırma Vergi Xidmətinin özündən daxil olan məlumat əsasında başlanıb. Üç vəzifəli şəxs qabaqcadan əlbir olan qrup tərəfindən külli miqdarda rüşvət almaqda ittiham olunur.