Naxçıvan və Kürdəmirdəki psixiatriya müəssisələrində isitmə, qida və həkim çatışmazlığı aşkarlanıb

Ombudsman Səbinə Əliyeva. Foto: Nobelll, CC BY-SA 4.0, Wikimedia Commons
27-11-2026 16:13

Naxçıvandakı Yaqub Budaqov adına psixiatriya dispanserində və Kürdəmir Rayon Psixiatriya Xəstəxanasında xəstələrin saxlanma şəraitində, qidalanmasında və tibbi heyətlə təminatda çatışmazlıqlar aşkarlanıb. Bunu Ombudsman Aparatı bildirib.

Pozuntuları Milli Preventiv Mexanizm çərçivəsində müəssisələrə baş çəkən Milli Preventiv Qrupun üzvləri qeydə alıb. Hər iki müəssisədə xəstələrin mövsümə uyğun geyim və şəxsi gigiyena vəsaitləri ilə yetərincə təmin olunmadığı, yataq ləvazimatının yararsız vəziyyətdə olduğu, qidalanmada problemlər və kadr çatışmazlığı olduğu, binaların təmirə ehtiyacı olduğu bildirilir.

Naxçıvandakı dispanserdə ixtisaslı həkim vakansiyaları boş qalıb, camaşırxana avadanlığı işləmir. Ombudsman Aparatına görə, kadr çatışmazlığı xəstələrin ixtisaslı tibbi yardım almasını çətinləşdirir.

Kürdəmirdəki xəstəxananın kişi və qadın şöbələrinin bəzi palatalarında isitmə yoxdur, sanitar-gigiyenik şərait qeyri-qənaətbəxş sayılıb. Xəstələrin yeməyinə tərəvəz daxil edilmir, sənədləşmədə də qüsurlar var.

Müəssisələrin rəhbərliyinə tövsiyələr verilib. Ombudsman Aparatı monitorinqin nəticələri ilə bağlı Səhiyyə Nazirliyinə də müraciət edəcəyini bildirib.

Digər xəbərlər