Rusiya qarabaşaq ixracını altı aylıq qadağan edib, qadağa Azərbaycana da şamil olunur

Foto: Robbie Morrison (RobbieIanMorrison), CC BY 4.0, Wikimedia Commons
27-11-2026 12:41

Rusiya hökuməti qarabaşaq ixracına altı aylıq qadağa qoyub. Hökumətin açıqlamasında qərarın daxili ərzaq bazarında sabitliyi qorumaq üçün verildiyi bildirilir.

Qadağa Avrasiya İqtisadi İttifaqına üzv ölkələrə - Belarus, Qazaxıstan, Qırğızıstan və Ermənistana - və hökumət qərarı ilə göndərilən humanitar yardıma şamil olunmur. Azərbaycan bu ittifaqın üzvü olmadığı üçün Rusiyadan qarabaşaq idxalı da qadağanın altına düşür.

Eyni qərarla noxud, nut və mərci ixracına tətbiq olunan 5 faizlik gömrük rüsumu ləğv edilib. Hökumət bunu həmin məhsulların ixrac qiymətlərinin xeyli düşməsi ilə izah edir.

Rosstatın yaz uçotuna görə, bu il Rusiyada qarabaşaq təxminən 708 min hektar sahədə əkilib; 2025-ci ildə bu rəqəm 751 min hektar idi. Bu, 1990-cı ildən bəri ən kiçik əkin sahəsidir. Bu il Rusiya qarabaşağının əsas alıcısı Çin olub: ilin əvvəlindən oraya 56 milyon dollarlıq, təxminən 157 min ton məhsul göndərilib.

Rusiya qarabaşaq ixracını sonuncu dəfə 2021-ci ildə, iyunun 5-dən avqustun 31-dək qadağan etmişdi.

Digər xəbərlər