Balakənin sabiq icra başçısı İslam Rzayev və onun keçmiş müavininin məhkəməsi başlayıb
Balakən Rayon İcra Hakimiyyətinin sabiq başçısı İslam Rzayevin və onun keçmiş müavini Azad Balayevin işi üzrə məhkəmə prosesi noyabrın 27-də Şəki Ağır Cinayətlər Məhkəməsində başlayıb. İşə hakim Xaliq Məmmədov baxır.
İlk iclasda təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib, onlara hüquq və vəzifələri izah olunub. Vəkillər müvəkkillərinin həbsdə saxlanmasının ev dustaqlığı ilə əvəz edilməsi barədə vəsatət veriblər.
İttiham tərəfi İslam Rzayevi külli miqdarda mənimsəmədə, dəfələrlə rüşvət almada, ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadədə və cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırmada ittiham edir. Azad Balayev isə qabaqcadan əlbir olan qrup halında, dəfələrlə və külli miqdarda rüşvət almaqda ittiham olunur.
İslam Rzayev ötən il oktyabrda Dövlət Təhlükəsizliyi Xidmətinin Balakən Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyatdan sonra həbs edilib, oktyabrın 30-da isə vəzifəsindən azad olunub. Azad Balayev bu il saxlanılıb. O, 2007-2022-ci illərdə icra başçısının müavini olub, 2011-ci ildən YAP-ın Balakən rayon təşkilatına rəhbərlik edib.
Bu həftənin əvvəlində Rzayevin Bakıdakı dəyəri təxminən 3 milyon manat olan əmlakına həbs qoyulduğu bildirilmişdi.