Ramiz Mehdiyev Əli Kərimlinin məhkəməsində: “Məktub İlham Əliyevə ünvanlanmışdı, çevrilişə hazırlaşmamışam”
Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev noyabrın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində AXCP sədri Əli Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin işi üzrə şahid qismində ifadə verib. O, Əli Kərimli ilə heç bir münasibəti olmadığını və dövlət çevrilişinə hazırlaşmadığını deyib.
Prosesi izləyən “Qəzetçi” saytı yazır ki, Mehdiyev istintaqda adı çəkilən məktubun prezident İlham Əliyevə yazıldığını və öz tövsiyələrindən ibarət olduğunu bildirib: “Mən hər hansı bir dövlət çevrilişinə hazırlaşmamışam”, - deyib.
Sabiq rəsmi AXCP funksioneri Fuad Qəhrəmanlı ilə bağlı yayılan videolara da münasibət bildirib. O, köməkçisi Eldar Əmirov vasitəsilə kiməsə məktub və ya pul göndərmədiyini, Qəhrəmanlını tanımadığını deyib. Müdafiə tərəfinin vəkilləri evindən çıxan pullar barədə soruşanda Mehdiyev həmin vəsaitin ona məxsus olduğunu bildirib: “1957-ci ildən işləyirəm və pulu yığmışam”.
Mehdiyevin qızı Kamilə Əliyeva da ifadəsində Əli Kərimlini yalnız qiyabi tanıdığını, ailəsinin AXCP sədri ilə əlaqəsi olmadığını və məktubun atası tərəfindən İlham Əliyevə ünvanlandığını deyib. “Qafqazinfo” saytının məlumatına görə, bununla şahidlərin dindirilməsi başa çatıb, dekabrın 1-də iş materiallarının tədqiqinə başlanılacaq.
Əli Kərimli və Məmməd İbrahim 2025-ci ilin noyabrında həbs olunublar. Onlara Cinayət Məcəlləsinin 278.1-ci maddəsi ilə hakimiyyəti zorla ələ keçirməyə yönələn hərəkətlərə görə ittiham verilib; bu maddə 20 ilədək və ya ömürlük həbs cəzası nəzərdə tutur. AXCP ittihamları siyasi motivli və əsassız sayır. Proses günü polis məhkəməyə gedən yolları yenə nəzarətə götürüb, partiya fəalları binanın qarşısına buraxılmayıb.
Ramiz Mehdiyev özü dövlətə xəyanət, hakimiyyəti zorla ələ keçirməyə cəhd və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması ittihamları ilə mühakimə olunub. Ötən ay o, 14 il həbs cəzası alıb, cəza yaşı və səhhəti nəzərə alınaraq şərti hesab edilib.
