Nizami Kino Mərkəzinin divarlarına yazı yazmaqda ittiham olunan ADA tələbəsi və daha iki nəfərin məhkəməsi başlayıb

Foto: Natella.M, CC BY-SA 4.0, Wikimedia Commons
27-11-2026 15:43

Bakı Ağır Cinayətlər Məhkəməsində Nizami Kino Mərkəzinin fasadına boya ilə yazı və rəsmlər çəkməkdə ittiham olunan ADA Universitetinin tələbəsi, Belarus vətəndaşı Ardeşir Seyfpur Saad Abadi, həmçinin Müjgan Bunyatzadə və Elvin Əhmədovun işi üzrə hazırlıq iclası keçirilib.

Hakim Babək Pənahovun sədrliyi ilə keçən iclasda təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib, onlara hüquqları izah olunub və işin baxışa verilməsi barədə qərar qəbul edilib. Növbəti iclas dekabrın 9-na təyin olunub.

İttihama görə, aprelin 1-dən 2-nə keçən gecə ölkə əhəmiyyətli memarlıq abidəsi sayılan binanın fasadına müxtəlif söz və ifadələr yazılıb. Hüquq-mühafizə orqanları bunda 2006-cı ildə İranda doğulan, 2024-cü ildən Azərbaycanda yaşayan ikinci kurs tələbəsi Abadinin və üç məktəblinin iştirak etdiyini iddia edir. Divarlara nə yazıldığı rəsmi açıqlamalarda göstərilməyib.

Abadiyə Cinayət Məcəlləsinin 246.4.3-cü maddəsi ilə - mədəni sərvətləri qabaqcadan əlbir olan qrup tərəfindən qəsdən korlamaqda ittiham verilib və o, həbsdə saxlanılır. Bunyatzadə və Əhmədova ittiham sonradan elan olunub.

Tələbənin həbs müddəti noyabrın əvvəlində uzadılmışdı. Təqsirləndirilənlərin və vəkillərin ittihama münasibəti hələlik məlum deyil.

Digər xəbərlər