Ruhun yaddaşı

27-11-2026 17:39

Həbsxanada olmaq dünyanın kağız dövründə yaşamaq deməkdir. Burada iki müqəddəs məfhum var: kağız və qələm...

“And olsun qələmə...” çağırışı da burada - internet əsrindən yüzillərlə uzaq bir məsafədə öz ilahi mahiyyəti ilə adamın bütün varlığına nüfuz edir, hətta səslənişi belə göstərir...

Bəlkə də, bu üzdəndir ki, həbsxanada ən yaxın sirdaş və həmsöhbət kitablardır. Şəxsən, mənim üçün belədir. Ona görə də xarici müəlliflərlə yanaşı, yerli yazarları, xüsusən də gəncləri oxumağa çalışıram, yəni onlarla həmsöhbət oluram.

İndi isə əlimdə gənc yazar Nigar Qardələnin kiçik hekayələr kitabıdır: “Eyni gündə doğulduq”.

Onun hekayələrində təkcə insanın deyil, həm də yaşantılarının axtarışı var. Bu insan isə həm özü, həm də qəhrəman(lar)ıdır. Bir sözlə, o, axtarışdadır. Bu üzdən mətnlərini də nəsrdən çox, nəsr axtarışı saymaq olar. Amma Nigarın hekayələrində özünəinam var və inamında israrlıdır. Bu özünəinam isə əsla özünəvurğunluq deyil. İnsan özünə və yaratdığına inandıqca gələcəyə baxışı aydın, addımları da qətiyyətli olur. Bu da, təbii ki, insanın ilahi mahiyyətindən və təbiətindən irəli gəlir. İlahi mahiyyət deyəndə, yeri gəlmişkən, “O sizi sevərək yaratdı” çağırışı da ərəbcə həm də bu mənanı ifadə edir: “O, öz yaratdığına inanaraq xəlq etdi”.

Aylar öncə oxuduğum “Cənnət quşu” romanında da bu inam və sevgi var; duyğularına təslimiyyət də sevgisinə inamındandır, yəni inanaraq sevir, sevərək inanır. Əgər ciddi redaktə qüsurlarını çıxsaq, “Cənnət quşu” bir gəncin ədəbi və əbədi dünyaya cəsarətli addımıdır. Əsərdəki həsrət də, kədər də, duyğusallığa köklənən yaşantılar da ali bir sevgidən doğan müqəddəs hisslərdir...

“Eyni gündə doğulduq” hekayələr kitabında da bu özünəinam eyni əhd üzrə davam edir. Yəni o hələ yolun başlanğıcındadır və özünün də dediyi kimi, “İnsanın ən uzun yolçuluğu öz içindən başlayır”.

Avtobioqrafik məzmunlu bu hekayələrdə mətn müəllifdən çox, qəhrəmanların yaşantılarından asılıdır, - bir sözlə, müəllif bu mətnlərdə özü də, sadəcə, bir obrazdır. Onun qəhrəmanları da reallıqla romantikanın vəhdətindən yaranıb. Buradakı romantika isə öz klassik mahiyyətində təzahür edir. Məsələn, bir hekayədə qəhrəmanın nə vaxtsa divarında yazdığı bir misra - “Haqq mənim ömrümü kəssin, sənə ənam eləsin” - mətnin və obrazın bütün yaşantılarının mahiyyətini ifadə edir. Beləliklə, müəllif özü də haqlı olaraq sevgini ruhun yaddaşı sayır və etiraf edir ki, “bəzi həqiqətlər yalnız susanda eşidilir”.

Əlbəttə, ruhun yaddaşından qaçmaq mümkün deyil və yaşamaq üçün, həqiqətən, cəsarət gərəkir...

Nigara uğurlar arzulayıram!

Şəmşad Ağa